Dünya Bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
13.07.2010, 12:352010-cu il iyulun 13-də ölkəmizdə səfərdə olan Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker və məsləhətçisi Kler Qreer Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Ali Məhkəmənin sədri müasir informasiya texnologiyaları sahəsində Ali Məhkəmədə həyata keçirilən tədbirlərdən danışmışdır. Elektron kargüzarlığın, sənəd dövriyyəsinin və məlumatların elektron informasiya köşkü vasitəsilə alınmasının əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri elektron kitabxana yaradılmasının zəruriliyini bildirmişdir.
Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını qeyd etmişdir. O, vurğulamışdır ki, layihə çərçivəsində məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı sənədlərin və baxılacaq işlərin idarə olunmasında daha təkmil elektron sistemin yaradılmasını nəzərdə tutan yeni layihə hazırlanacaqdır.
Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti, məhkəmə tarixi muzeyi və kitabxana ilə tanış olmuşlar.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət və qayğı göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Dekerə və məsləhətçisi Kler Qreerə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: