Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
03.11.2009, 12:35Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında
Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında [1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
3 noyabr 2009-ci il № 2 Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olaraq ölkənin cinayət-prosessual qanunvericiliyində yeni institutun - məhkəmə nəzarəti institutunun yaradılması vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə qorunmasına xidmət edir. Bu institutun yaradılmasında məqsəd əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etməkdən, vətəndaşların hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdan ibarətdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən prosessual məcburiyyət tədbirinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.
Bakı şəhərinin rayon məhkəmələrində və Sumqayıt şəhər məhkəməsində təqsirləndirilən şəxslər barəsində 2008-ci ildə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması vəziyyəti barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlərə baxılması vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əsasən əməl olunur.
Məhkəmələrdə həbs, ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əsasən əməl olunur. [2]
Bununla yanaşı, məlum olmuşdur ki, qanunvericiliyin tətbiqi zamanı bir sıra nöqsanlara da yol verilir, xüsusilə verilmiş təqdimatların əsaslılığı ətraflı yoxlanılmır, CPM-nin 154.2-ci maddəsində nəzərdə tutulan qətimkan tədbirllərinin ən ciddi növü hesab edilən həbs qətimkan tədbirinin seçilməsinin əsasları qərarda şərh olunmur, həbs qətimkan tədbirinin seçilməsinin əsası kimi təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməmək kimi ümumi ifadələr işlədilir, onların mövcudluğu ehtimalını təsdiq edən hər hansı faktiki hala istinad olunmur.
Böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatlar təmin edilərkən bəzi hallarda cinayət-prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmır.
Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatlara baxılarkən qanunların düzgün tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələrin diqqəti təqsirləndirilən şəxslər barəsində prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı təqdimatlara Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmaqla vaxtında və keyfiyyətli baxılmasının zəruriliyinə cəlb edilsin. Həbs qətimkan tədbirinin prosessual tədbirlər sırasında ən ciddi tədbir olmasını, həbs edilən şəxsin hüquqlarının məhdudlaşdırılmasını nəzərə alaraq təqdimatlara baxılmasına formal yanaşmaya yol verilməsin. Məhkəmələrin nəzərinə çatdırılsın ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır.
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 154.3-cü maddəsinə əsasən prosessual məcburiyyət tədbiri olan həbs qətimkan tədbiri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxslər barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 154.3-cü maddəsinə əsasən həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxslər barəsində həmin qətimkan tədbirlərinin seçilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. [3]
CPM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydada tutulmuş və sonradan ittiham olunan təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən məhkəmələr ilk növbədə həmin şəxsin tutulmasının əsaslılığını və qanuniliyini yoxlamalıdırlar. Bu zaman nəzərə alınmalıdır ki, əsaslı şübhə şəxsin cinayət törətməsi barədə kifayət qədər məlumatların olmasını ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, əsaslı şübhə təqsirləndirilən şəxsin törədilmiş cinayətə aidiyyatını ehtimal etmək üçün kifayət edən məlumatlara əsaslanmalıdır. Şəxsin cinayətə aidiyyatını deyil, yalnız cinayət hadisəsinin baş verməsini əks etdirən faktlar və məlumatlar əsaslı şübhənin mövcudluğunun müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz. [4]
CPM-nin 148.3.1-148.3.3-cü maddələrinin tələblərinə müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər:
-hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə;
-daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda;
-şəxsiyyəti müəyyən edilmədikdə.
Göstərilən qaydada və əsaslarla tutulmuş şəxsin barəsində təqsirləndlirilən şəxs kimi həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdə o, tutulma müddəti 48 saat başa çatmadıqa belə, dərhal buraxılmalıdır. [5]
3. Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.
Maddi əsaslar dedikdə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərədə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübütlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir.
Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır.
4. Məhkəmələrə izah edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən onlar ilk növbədə Azərbaycan Respublikası CPM-nin 154-cü maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar. Nəzərə alınmalıdır ki, həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdə, habelə həbsə alternativ olan qətimkan tədbirləri (ev dustaqlığı və girov) seçilmədikdə, məhkəmələr CPM-nin 154-cü maddəsi ilə müəyyən edilmiş digər qətimkan tədbiri seçmək səlahiyyətində deyillər. CPM-nin 154.4-cü maddəsinin mənasına görə, bu halda Məcəllənin 154.2.4-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri yalnız ibtidai araşdırma orqanı tərəfindən seçilə bilər.
Nəzərə alınmalıdır ki, həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdə və bununla yanaşı məhkəmənin öz təşəbbüsü və yaxud müdafiə tərəfinin vəsatəti ilə ev dustaqlığı və yaxud müdafiə tərəfinin vəsatəti ilə girov qətimkan tədbirləri seçilmədikdə, məhkəmə CPM-nin 154-cü maddəsi ilə müəyyən edilmiş digər qətimkan tədbiri seçmək səlahiyyətində deyil. CPM-nin 154.4-cü maddəsinin mənasına görə, bu halda Məcəllənin 154.2.4-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri yalnız ibtidai araşdırma orqanı tərəfindən seçilə bilər. [6]
5. Azərbaycan Respublikası CPM-nin 155.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri bir qayda olaraq iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər.
Məhkəmələrə tövsiyyə edilsin ki, böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat yalnız aşağıdakı hallardan biri mövcud olduqda təmin edilə bilər: təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmadıqda, həmin şəxsin şəxsiyyəti müəyyən edilmədikdə, təqsirləndirilən şəxs onun barəsində əvvəllər seçilmiş başqa qətimkan tədbirinin şərtlərini pozduqda, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməsi, saxtalaşdırması, ibtidai istintaq və ya məhkəmə baxışının normal gedişinə mane olması, ibtidai istintaqdan qaçıb gizlənməsi, onun yeni cinayət törətməsi ehtimalı olduqda. Bu zaman nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin daimi qeydiyyatının olmaması onun daimi yaşayış yerinin olmamasını təsdiq edən hallardan biri olsa da, bu hal heç də bir qayda olaraq onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas vermir. Hər bir halda məhkəmənin qəbul etdiyi qərarda sadalanan halların mövcudluğu və ya ehtimalı əsaslandırılmalıdır.
5. Azərbaycan Respublikası CPM-nin 155.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri yalnız CPM-nin 155.1.1- 155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədilə iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxs barəsində tətbiq oluna bilər.
Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət (təqdimat) isə cinayət-prosessual qanunun 155.3.2 və 155.3.3-cü maddələrinə görə təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq və ya azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin barəsindəki hökmün icrasının təmin edilməsi məqsədlərilə, habelə təqsirləndirilən şəxs onun barəsində əvvəllər seçilmiş başqa qətimkan tədbirinin şərtlərini pozduqda təmin edilə bilər. Bu zaman məhkəmənin qəbul etdiyi qərarda sadalanan halların mövcudluğu və ya ehtimalı əsaslandırılmalıdır. [7]
6. Həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə və ya girovla əvəz edilməsinə dair vəsatətlərə onların alındıqları vaxtdan 24 saat ərzində (qeyri iş gününə və ya iş vaxtından sonraya düşməsindən asılı olmayaraq) məhkəmənin binasında təkbaşına, qapalı məhkəmə iclasında baxılır. Məhkəmə iclasında təqdimatla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin iştirakı məcburidir.
Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsinə əsasən qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatətə (təqdimata) məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində (şübhəli şəxs qismində tutulma müddətini pozmamaq şərti ilə və qeyri-iş günündə və ya iş vaxtından sonra alınmasından asılı olmayaraq), həbsdə saxlama müddətinin uzadılması, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya müddətinin uzadılması barədə vəsatətlərə (təqdimatlara), müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətə, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, ləğv edilməsi, əlavə vəzifələrin qoyulması barədə vəsatətlərə (təqdimatlara) isə bu müraciətlər məhkəməyə daxil olduqdan sonra 48 saat müddətində qapalı məhkəmə iclasında təkbaşına hakim tərəfindən baxılır. Məhkəmə iclasında vəsatətlə (təqdimatla) hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin iştirakı məcburidir. [8]
Məhkəmələr nəzərə almalıdırlar ki, həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması haqda təqdimatlara baxılmasına təqsirləndirilən şəxsin iştirakı olmadan yalnız onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığı müstəsna hallarda yol verilir. Belə hallara təqsirləndirilən şəxsin istintaqdan qaçıb gizlənməsi, onun psixiatriya stasionarında və ya başqa ağır xəstəlikdən müalicədə olması, fövqəladə hadisələrin baş verməsi, karantin elan edilməsi kimi hallar aid edilə bilər.
Apellyasiya instansiyası məhkəməsində vəsatətlə (təqdimatla) hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin iştirakı, habelə məhkəmə iclasına çağırılmış şəxslər gəlmədikdə, onların iştirakı olmadan apellyasiya müraciətinə baxılması məsələləri məhkəmə nəzarəti qaydasında çıxarılmış qərarlara apellyasiya qaydasında baxılmasının xüsusiyyətləri nəzərə alınmaqla Cinayət-Prosessual Məcəllənin 392.2-ci maddəsinə müvafiq olaraq həll edilməlidir. Bununla yanaşı, vəsatətlə (təqdimatla) hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin onun iştirakı ilə apellyasiya müraciətinə baxılması haqqında müraciəti olduqda, Cinayət-Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən məhkəmə iclasında mütləq iştirakını şərtləndirən hallar olmadıqda belə, həmin şəxsin məhkəmə iclasında iştirakı təmin olunmalıdır. [9]
7. CPM-nin 447.3 və 447.6-cı maddələrinə əsasən, vəsatət vermiş şəxs və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da məhkəmə iclasında iştirak etmək hüququna malikdirlər. Lakin müraciətin baxılma yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış həmin şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Hakim zəruri hesab etdikdə ibtidai araşdırma aparan müstəntiqi məhkəmə iclasına çağıra bilər.
Təqsirləndirilən şəxsin müdafiəçisi olduqda o, məhkəmə iclasına mütləq dəvət edilməlidir.
Yetkinlik yaşına çatmayan, məhkəmə-psixiatriya ekspertizasının keçirilməsi ilə əlaqədar psixiatriya stasionarında müalicədə olan təqsirləndirilən şəxslər haqqında verilmiş təqdimatlara baxılması zamanı müdafiəçinin iştirakı məcburidir. Belə təqdimatlara baxılarkən təqsirləndirilən şəxslərin qanuni nümayəndələri də məhkəmə iclasında iştirak edə bilərlər.
Azərbaycan Respublikasından kənarda olan və ya istintaqdan gizlənən şəxslər barəsində təqdimatlara baxılarkən onların müdafiəçilərinin məhkəmə iclasında iştirakları CPM-nin 92 və 447-ci maddələrinin müddəalarına uyğun həyata keçirilir.
Məhkəmələrə izah edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimata baxılması üzrə məhkəmə iclasında iştirak etmək hüququna malik olan şəxslərin siyahısı CPM-nin 447.3.1-447.3.3-cü maddələri ilə məhdudlaşmır. Qanunvericiliyin, o cümlədən CPM-nin 87, 447.7 və 452.1-ci maddələrində nəzərdə tutulmuş normaların mənasına görə, həbs qətimkan tədbirinin seçilməsi məsələsinin həlli zərər çəkmiş şəxsin təqsirləndlirilən şəxs tərəfindən söylədiyi hədələrə görə onun şəxsi təhlükəsizliyinin qorunması, ona vurulmuş maddi zərərin ödənilməsi ilə əlaqədar qanuni maraqlarına və hüquqlarına toxunduqda, zərərçəkmiş, onun nümayəndəsi və ya qanuni nümayəndəsi belə iclaslarda iştirak etmək və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması və ya bunlardan imtina ilə bağlı öz mövqelərini məhkəmənin nəzərinə çatırmaq hüququna malikdirlər.
CPM-nin 452.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs və ya onun nümayəndəsi və qanuni nümayəndəsi təqdimata baxılması nəticəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardan apellyasiya şikayəti verə bilərlər. Bu hüququn həyata keçirilməsi həmin şəxslərin təqdimata baxılması üzrə məhkəmə iclasında iştirak edib-etməmələrindən asılı deyildir.
Zərurət olduqda, Azərbaycan Respublikası CPM-nin 99-cu maddəsində nəzərdə tutulan qaydada məhkəmə iclasına tərcüməçi dəvət olunur.
8. Azərbaycan Respublikası CPM-nin 447.5-ci maddəsinə əsasən, hakim həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxarkən müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənədləri və maddi sübutları tələb etmək hüququna malikdir.
Məhkəmələrə izah edilsin ki, cinayət-prosesual qanunvericiliyin bu norması məhkəmələr tərəfindən sübutların araşdırılmasını və ya qiymətləndirilməsini özündə ehtiva etmir. Göstərilən qaydada məhkəmə araşdırması yalnız vəsatət və təqdimatda istinad edilmiş, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal edən ilkin sübutların, habelə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların mövcudluğunun yoxlanılmasından ibarət olmalıdır.
Məhkəmələrə izah edilsin ki, göstərilən qaydada məhkəmə araşdırması təqsirliliyin müəyyən edilməsini deyil, yalnız vəsatət və təqdimatda istinad edilmiş, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal edən ilkin sübutların, habelə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların mövcudluğunun yoxlanılmasını ehtiva edir. [10]
Məhkəmənin araşdırdığı və qərar çıxararkən əsaslandığı sübutların məzmunu (zəruri həcmdə), təqsirləndirilən şəxsin izahatı, habelə onların qiymətləndirilməsi üzrə mülahizələri və qənaəti qərarda əks olunmalı, həmin suübutların tədqiq edilməsi məhkəmə iclas protokolundakı müvafiq qeydlərlə uyğunluq təşkil etməli, qətimkan tədbirinin seçilməsi haqqında qərar məhkəmə iclasında baxılmamış sübutlarla əsaslandırılmamalıdır. [11]
9. Məhkəmələr ibtidai araşdırma orqanının bu məsələ ilə bağlı məhkəməyə təqdim etdiyi materialların tam və keyfiyyətli olmasına diqqəti artırmalıdırlar.
Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatda şəxsin məhz hansı cinayət əməlini törətməsi qısa şəkildə şərh olunmalı, əməlin cinayət qanunu ilə müəyyən edilən tövsifi verilməli, onun haqqında məhz həbs qismində qətimkan tədbirinin seçilməli olması əsaslandırılmalıdır.
Təqdimata onun qanuni həlli üçün zəruri olan materiallar, məsələn cinayət işinin başlanması, təqsirləndirilən şəxsin tutulması, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, dindirilməsi barədə protokol və qərarların surətləri, şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 447.5-ci maddəsinə əsasən, hakim müraciətlərin əsaslılığını yoxlamaq məqsədilə ibtidai araşdırma zamanı əldə olunmuş digər sənədləri (məsələn, ittihamla bağlı ifadələri, üzləşmə protokollarını), maddi sübutları tələb edərək nəzərdən keçirmək hüququna malikdir.
Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət Cinayət-Prosessual Məcəllənin 446.2-ci maddəsinə uyğun forma və məzmunda tərtib edilməli, o cümlədən vəsatətdə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli təsvir edilməklə, onun hüquqi tövsifi göstərilməli, qətimkan tədbirinin tətbiq edilməsinin zərurliyi, Cinayət-Prosessual Məcəllənin 154.1-ci maddəsində göstərilən məqsədlərin təmin edilməsi baxımından digər qətimkan tədbirlərinin kifayət etməməsi, həbsin hansı müddətdə tətbiq edilməli olduğu əsaslandırılmalı, digər zəruri məlumatlar əksini tapmalıdır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun, Cinayət-Prosessual Məcəllənin 159.2 və 159.8-ci maddələrində nəzərdə tutulmuş hallarda isə müvafiq prokurorun təqdimatı isə cinayət-prosessual qanunun 156.2, 446.1.2, 446.3-cü maddələrinin mənasına görə onun müstəntiqin vəsatətini müdafiə etməsinin, vəsatəti baxılması üçün məhkəmə qarşısına çıxarmasının ifadəsi olmaqla buna müvafiq məzmun və formada tərtib olunmalı, o cümlədən vəsatətlə razılaşmalarının səbəblərini əks etdirməlidir. [12]
Təqdimatda (vəsatətdə) və yaxud ona əlavə olunmuş materiallarda şəxsin cinayətə aidiyyatının olmasını təsdiq edən sübutlar sırasında əməliyyat-axtarış tədbirləri, habelə məhkəmə qərarının alınmasını tələb edən, lakin təxirəsalınmaz qaydada həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlara istinad edilmişdirsə, məhkəmə həmin tədbir və yaxud istintaq hərəkəti barəsində prokuror və məhkəmə nəzarətinin həyata keçirilib-keçirilmədiyini araşdırmalı, araşdırıma nəticəsində müəyyən edilmiş halları vəsatətin (təqdimatın) təmin edilməsi üçün mötəbər və kifayət qədər sübutların olub-olmaması baxımından qiymətləndirməlidir. [13]
CPM-nin 91.5.21 və 92.9.10-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və ya onun müdafiəçisi həbs qətimkan tədbirinin seçilməsi, yaxud həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlarla əlaqədar məhkəməyə təqdim olunan materiallarla tanış olmaq hüququna malikdirlər. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verildiyi hallarda isə ittiham tərəfi də belə hüquqa malikdir. Bu halda hakim müraciətə baxılmasının qanunla müəyyən edilən müddətini gözləməklə materiallarla tanış olmaq üçün ağlabatan vaxt müəyyən etməlidir.
10. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 157.5 və 448.1.3-cü maddələrinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara baxılarkən şəxsin cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbiri əvəzinə ev dustaqlığı qətimkan tədbiri seçə, yaxud həbs qətimkan tədbirini ev dusğaqlığı qətimkan tədbiri ilə əvəz edə bilər. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti və ya apellyasiya protestinə baxarkən eyni məzmunlu qərar (təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında) qəbul etmək hüququna malikdir.
CPM-nin 163.2-ci maddəsinə əsasən, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi də baxıla bilər.
Ev dustaqlığı qətimkan tədbiri seçilərkən məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin yaşı, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və başqa hallar nəzərə alınmalıdır. Törədilmiş cinayətin ağırlığından asılı olaraq haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin barəsində CPM-nin 163.3-cü maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin hamısı və ya bir hissəsi tətbiq edilə bilər. Bu məhdudiyyətlərin tətbiqi məhkəmənin qərarında öz əksini tapmalıdır. Qeyd olunan məhdudiyyətlərin tətbiqi zamanı barəsində ev dustaqlığı seçilmiş yetkinlik yaşına çatmamış şəxslərin yaşına, yaşayış və tərbiyə olunmaları şəraitinə, şəxsiyyətlərinin xüsusiyyətlərinə, yetkinlik yaşına çatmış şəxslərin, o cümlədən qanuni nümayəndələrinin onlara təsiri dərəcəsinə xüsusilə diqqət yetirmək lazımdır.
10. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 157.5, 163.2 və 448.1.3-cü maddələrinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlanılma müddətlərinin uzadılması barədə vəsatətlərə (təqdimatlara) baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə onun barəsində müdafiə tərəfinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti və ya apellyasiya protestinə baxarkən eyni məzmunlu qərar (təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında) qəbul etmək hüququna malikdir.
Bununla yanaşı ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmə tərəfindən həmin qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti, prokurorun təqdimatı ilə, habelə müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi də baxıla bilər.
Məhkəmə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə (təqdimata) baxarkən, istər öz təşəbbüsü, istərsə də müdafiə tərəfinin müraciət etməsinə görə şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin mümkünlüyü haqqında nəticəyə gəldikdə, ev dustaqlığı qətimkan tədbirini həbsin əvəz edilməsi qaydasında deyil, həbs qətimkan tədbirini seçməkdən imtina etməklə birbaşa seçir.
Eyni bir məhkəmə iclasında həbs qətimkan tədbirinin seçilməsi və bu tədbirin müdafiə tərəfinin vəsatəti əsasında ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə yol verilməməli, belə əvəz etmə müdafiə tərəfinin vəsatəti ilə həbsin qətimkan tədbiri qismində seçilməsindən müəyyən müddət keçdikdən sonra həbs qətimkan tədbirinin saxlanılması üçün əsaslar ortadan qalxdıqda həyata keçirilə bilər.
Cinayət-Prosessual Məcəllənin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası Cinayət-Prosessual Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimləndiyindən, hazırki qərarda həbs qətimkan tədbiri ilə bağlı olan müddəalar ev dustaqlığı qətimkan tədbirinin xüsusiyyətləri nəzərə alınmaqla həmin qətimkan tədbirinə münasibətdə də tətbiq edilə bilər. Bu qətimkan tədbirinin xüsusiyyətlərindən biri kimi ona əhəmiyyət verilməlidir ki, cinayət-prosessual qanunun 163.3 və 163.3-1-ci maddələrinə görə ev dustaqlığı qətimkan tədbiri təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələrin qoyulması ilə müşayiət olunduğundan, bu qətimkan tədbirinin tətbiqinə dair vəsatətdə təqsirləndirilən şəxsin üzərinə hansı vəzifələrin qoyulmalı olduğu göstərilməli və bunun zəruriliyi əsaslandırılmalıdır.
Ev dustaqlığı qətimkan tədbiri seçilərkən məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin yaşı, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və başqa hallar nəzərə alınmalıdır. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında qərarda məhkəmə istisnasız olaraq təqsirləndirilən şəxsin CPM-nin 163.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməsi haqqında müddəalar əlavə etməklə yanaşı onun üzərinə CPM-nin 163.3-1-ci maddəsində sadalanan əlavə vəzifələri də qoya bilər. Əlavə vəzifələrin müəyyən edilməsi qəbul edilmiş qərarda əsaslandırılmalıdır. Qeyd olunan məhdudiyyətlərin tətbiqi zamanı barəsində ev dustaqlığı seçilmiş yetkinlik yaşına çatmamış şəxslərin yaşına, yaşayış və tərbiyə olunmaları şəraitinə, şəxsiyyətlərinin xüsusiyyətlərinə, yetkinlik yaşına çatmış şəxslərin, o cümlədən qanuni nümayəndələrinin onlara təsiri dərəcəsinə xüsusilə diqqət yetirmək lazımdır. [14
11. Məhkəmələr himayəsində yetkinlik yaşına çatmamış uşaqları olan qadınların barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxarkən məhkəməyə təqdim edilmiş materiallarda uşaqların yaxın qohumlarının himayəsində qalmalarını və ya onların uşaq tərbiyə müəssisələrinə yerləşdirilmələrini təsdiq edən kifayət qədər məlumatların olmasını yoxlamalıdırlar.
12. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatlara baxılarkən təqdimatın dəlilləri tam və hərtərəfli yoxlanılmaqla ilk növbədə belə şəxslərin haqqında digər, daha yüngül qətimkan tədbirinin seçilməsinin mümkünsüzlüyü müzakirə edilməlidir.
Nəzərə almaq lazımdır ki, CPM-nin 434.1 və 434.2-ci maddələrinin tələblərinə əsasən, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində yol verilir. Bu, qanunun imperativ normasıdır və deməli yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs haqqında onlar tərəfindən böyük ictimai təhlükə törətməyən cinayətlər törədilməsi hallarında məhkəməyə qədər həbs qətimkan tədbiri seçilə bilməz.
Yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətməkdə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən onun təqdimata baxılana qədər 18 yaşına çatmasından asılı olmayaraq işə baxılmasında müdafiəçinin iştirakı məcburidir. Bu tələb təqsirləndirilən şəxsin cinayətlərdən bir hissəsini yetkinlik yaşına çatanadək, digər hissəsini isə bundan sonra törətməsi hallarına da aiddir. Hər iki halda müdafiəçi ilə yanaşı yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi də məhkəmə iclasında iştirak edə bilər.
13. CPM-nin 159-cu maddəsi cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin uzadılması məsələsini nizamlayır. Həmin maddənin tələbinə əsasən, həbsdə saxlama müddətinin keçməsinə ən geci yeddi gün qalmış müstəntiq təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verir və sonuncu bununla razılaşdıqda həbsdə saxlama müddətinin keçməsinə ən geci beş gün qalmış məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə isə, həbsdə saxlama müddətinin uzadılması zəruriliyi ilə razılaşdıqda bu müddətin uzadılması barədə qərar qəbul edir.
13. Cinayət-Prosessual Məcəllənin 159-cu maddəsi cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin uzadılması məsələsini tənzimləyir. Həmin normada həbsdə saxlama müddətinin hansı müddətə uzadılmasından və məhkəməyə təqdimatla müraciət etmək səlahiyyətində olan subyektlərdən asılı olaraq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, onun tərəfindən yuxarı prokurora, təqdimatla məhkəməyə müracət etmə müddətləri də cinayət-prosessual qanunun 159.3, 159.3-1, 159.8-1-ci maddələrində fərqli şəkildə müəyyən edilmişdir.
Həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət və təqdimatlara baxarkən nəzərə almaq lazımdır ki, həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatla Cinayət-Prossessual Məcəllənin 159.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərlə əlaqədar – ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən prokuror; 159.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərlə əlaqədar - həmin Məcəllənin 159.3-1-ci maddəsində göstərilən prokurorlar (Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan MR prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini); 159.8-ci maddəsində nəzərdə tutulmuş müddətlərlə əlaqədar isə həmin Məcəllənin 159.8-1-ci maddəsində göstərilən Azərbaycan Respublikası Baş prokuroru və ya onun birinci müavini müraciət edə bilərlər.
Cinayət-Prosessual Məcəllənin həmin maddələrinin müqayisəli təhlili onu göstərir ki, ibtidai araşdırımaya prosessual rəhbərliyi həyata keçirən prokuror və yaxud 159.3-1, 159.8-1-ci maddələrində göstərilən yuxarı prokurorlar müstəsna olaraq özlərinin səlahiyyətinə aid edilmiş müddətlərə həbs müddətinin uzadılması barədə təqdimatlar verirlər.
Məhkəmə istər həbs qəti imkan tədbirini seçərkən, istərsə də həbs müddətinin uzadılması haqqında vəsatətlərə (təqdimatlara) baxarkən araşdırmanın nəticələrindən asılı olaraq həbsin müddətini vəsatətdə (təqdimatda) təklif olunan müddətdən daha az müəyyən edə və yaxud həbsdə saxlamanı daha az müddətə uzada bilər. Bu cür vəziyyətlərdə də yenidən uzatma barədə təqdimatla hansı prokurorun müraciət etmək səlahiyyətində olması barədə məsələ, həbsin hansı müddətlərə uzadılmasının təklif edilməsindən asılı olaraq həll edilir. Yəni, əgər həbsin uzadılması Cinayət-Prosessual Məcəllənin 159.1-ci maddəsində göstərilən müddətə təklif edilirsə - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, 159.2-ci maddəsində göstərilən müddətə təklif edilirsə - 159.3-1-ci maddəsində göstərilən prokurorlar, 159.8-ci maddəsində göstərilən müddətlərə təklif edilirsə cinayət-prosessual qanunun 159.8-1-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Baş prokuroru və yaxud onun birinci müavini təqdimatla məhkəməyə müraciət edirlər.
Prokuror tərəfindən ittiham aktına baxılması zamanı Cinayət-Prosessual Məcəllənin 292.1-1-ci maddəsində göstərilən (həbs və yaxud ev dustaqlığı qətimkan tədbirlərinin müddətinin bitməsinə ən azı 15 gün qalmış cinayət işini məhkəməyə göndərmək barədə) tələbi təmin etmək zərurəti yarandıqda da Cinayət-Prosessual Məcəllənin 290.5.3-cü maddəsinə əsasən həbsdə (ev dustaqlığında) saxlanılma müddətinin uzadılması məsələsi eyni qaydada, yəni uzadılmanın cinayət-prosessual qanunun 159.1, 159.2, 159.8-ci maddələrindən hansı birində göstərilən müddətə təklif olunmasından asılı olaraq müvafiq səlahiyyətə malik olan prokuror tərəfindən verilmiş təqdimat əsasında həll olunmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 292.1-1-ci maddəsi bu vəziyyət üçün hər hansı bir müstəsna qayda müəyyən etməmiş, əksinə CPM-in 292.1-1 maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həbs və ya ev dustaqlığı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə “bu Məcəllə (yəni, cinayət-prosessual qanunla) ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək” qaydasını müəyyən etmişdir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulmuş təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxarkən nəzərə almaq lazımdır ki, şəxs Azərbaycan Respublikasına təhvil verildiyi vaxt onun həbsdə saxlanılmasının Cinayət-Prosessual Məcəlləsinin 159.7-ci maddəsində göstərilən həbsdə saxlanılmanın son müddətləri, yəni az ağır cinayətlər üzrə 7 ay, ağır cinayətlər üzrə 10 ay, xüsusilə ağır cinayətlər üzrə 13 ay keçibsə, lakin şəxsin barəsində ibtidai araşdırmanın aparılması zərurəti qalırsa, cinayət-prosessual qanunun 159.9-cu maddəsinə əsasən cinayətin az ağır, ağır, xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilməsindən asılı olmayaraq şəxsin həbsdə saxlanılma müddəti CPM-in 159.3-cü maddəsində müəyyən edilmiş qaydada, yəni müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən 6 ayadək uzadıla bilər.
Cinayət-Prosessual Məcəllənin 159.9-cu maddəsinin məzmunundan göründüyü kimi, bu maddədə göstərilən qayda müstəsna hal – şəxs Azərbaycan Respublikasına təhvil verilənədək həbsdə saxlanılmanın CPM-in 159.7-ci maddəsində göstərilən son müddətlərinin keçməsi vəziyyəti üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən CPM-in 159.9-cu maddəsində göstərilən qayda təqsirləndirilən şəxsin Azərbaycan Respublikasına bu Məcəllənin 159.7-ci maddəsində göstərilən həbsdə saxlanılmanın son müddətləri başa çatanadək təhvil verilməsi hallarına şamil edilə bilməz. Bu vəziyyətdə həbsdə saxlanılma müddətlərinin uzadılması məsələsi cinayətin kateqoroyasından asılı olaraq ümumi qaydada, yəni müvafiq səlahiyyətə malik olan prokuror tərəfindən verilmiş təqdimat (müstəntiqin vəsatəti) əsasında həbsin müddəti cinayət-prosessual qanunun 159.1, 159.2, 159.8-ci maddələrində nəzərdə tutulmuş müddətlər daxilində uzadılmaqla həll olunmalıdır. [15]
Məhkəmələrə izah edilsin ki, qanunverici həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması barədə olan təqdimatlara baxılmanın maddi və prosessual əsas və qaydalarını eyni cür müəyyən etsə də, həbsdə saxlama müddətinin uzadılması şəxsin azadlıq hüququnun təqsirsizlik prezumpsiyası hüququndan kənarda daha uzun müddətə məhdudlaşdırdığından məhkəmələr bu haqda təqdimatlara baxarkən diqqətli olmalı, müddətin uzadılmasının səbəb və əsaslarını yoxlamalı, öz qərarında uzatmanın zəruriliyini həbs qətimkan tədbirinin seçilməsi zəruriliyindən fərqli şəkildə əsaslandırmalıdırlar.
Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması haqqında təqdimatlara baxarkən məhkəmələr əvvəllər müəyyən edilmiş müddət ərzində ibtidai araşdırmanın başa çatdırılmasının mümkünsüzlüyü haqda təqdimatın dəlillərini hərtərəfli yoxlamalıdırlar. Bu vaxt nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş eyni hallara əsaslanmaqla həbsdə saxlanılma müddətinin uzadılması İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri baxımından şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir.
Həbsdə saxlama müddətlərinin uzadılması haqqında təqdimatlara baxılarkən ibtidai araşdırmanın lazımi dərəcədə təşkil edilməməsi səbəbindən süründürməçiliyə yol verilməsi, təqdimatın CPM-nin 159.3-cü maddəsinin 159.3 və 159.3-1-ci maddələrinin tələblərinin pozulması ilə məhkəməyə təqdim edilməsi və sair qanun pozuntuları aşkar edildikdə məhkəmə ibtidai araşdırma və ya təhqiqat orqanının vəzifəli şəxsləri barəsində xüsusi qərarlar qəbul etməklə bu pozuntulara öz münasibətini bildirməlidir. [16]
14. CPM-nin 159.1-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə bir aydan, az ağır cinayətlər üzrə iki aydan, ağır cinayətlər üzrə üç aydan, xüsusilə ağır cinayətlər üzrə dörd aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı həbsdə saxlanılmasının son müddəti isə CPM-nin 159.7-ci maddəsi ilə müəyyən edilmişdir.
Bu o deməkdir ki, həm təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması, həm də bu müddətin təkrarən uzadılması məsələsinə baxılarkən təqdimatların təmin edilməsi hallarında CPM-nin 159-cu maddəsində müəyyən edilən müddətlərdən kənara çıxmaq olmaz. Əksinə, təqdim edilən sənədləri, təqdimatın dəlillərini təhlil edən hakim istintaq hərəkətlərini daha az müddətdə başa çatdırmağın mümkün olması qənaətinə gəldikdə həbsdə saxlama müddətinin daha qısa vaxt üçün uzadılması barədə qərar qəbul edə bilər.
15. Məhkəmələrə izah edilsin ki, təqsirləndirilən şəxsin barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında təqdimat təmin edilmədikdə, onun ibtidai istintaqın gedişində yenidən həbsə alınmasını, yaxud haqqında həbs qətimkan tədbiri seçilməsini zəruri edən yeni hallar aşkar edildikdə, bu barədə məhkəməyə yenidən təqdimat verilə bilər. Yeni hallar dedikdə məhkəmənin qərarından sonra şəxsin istintaqdan gizlənməsi, cinayətkar fəaliyyətini davam etdirməsi, cinayət işi üzrə həqiqətin aşkar edilməsinə mane olan hərəkətlər etməsi, ona daha ağır, yeni ittiham elan edilməsi və bu kimi hallar başa düşülür.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 109.1.6-cı maddəsinin mənasına görə hakimin məhkəmə nəzarəti qaydasında təqsirləndirilən şəxs haqqında verilən təqdimata baxması onun həmin şəxs haqqında təkrar təqdimata baxmaq hüququnu istisna etmir.
15. Məhkəmələrə izah edilsin ki, təqsirləndirilən şəxsin barəsində həbsin qətimkan tədbiri qismində seçilməsindən və ya həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi haqqında qərar qəbul edildikdən sonra ibtidai istintaqın gedişində onun yenidən həbsə alınmasını, yaxud haqqında həbs qətimkan tədbiri seçilməsini zəruri edən yeni hallar aşkar edildikdə, bu barədə məhkəməyə yenidən vəsatət (təqdimat) verilə bilər. Yeni hallar dedikdə məhkəmənin qərarından sonra şəxsin istintaqdan gizlənməsi, cinayətkar fəaliyyətini davam etdirməsi, barəsində olan qətimkan tədbirinin şərtlərini pozması, cinayət işi üzrə həqiqətin aşkar edilməsinə mane olan hərəkətlər etməsi, ona daha ağır yeni ittiham elan edilməsi və bu kimi hallar başa düşülür.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 109.1.6-cı maddəsinə görə hakimin məhkəmə nəzarəti qaydasında təqsirləndirilən şəxs haqqında qətimkan tədbirlərinin seçilməsi, həbsdə, ev dustaqlığında saxlanılma müddətlərinin uzadılması haqqında vəsatətlərə (təqdimatlara) baxması onun həmin şəxs barəsində cinayət işinə baxmasını istisna etmədiyi kimi, həmin şəxs haqqında təkrar vəsatətlərə (təqdimatlara) baxmasını da istisna etmir.
Onu da nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəllənin 448.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin həbs, ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi, həbs, ev dustaqlığı müddətlərinin uzadılması haqqında vəsatətlərə (təqdimatlara) baxarkən vəsatətin təmin edilməsi və yaxud bundan imtina edilməsi kimi iki qərardan birini qəbul etmək vəzifəsi vəsatətlərə (təqdimatlara) mahiyyəti üzrə baxılması hallarına münasibətdə müəyyən edilmişdir və mahiyyəti üzrə baxılmasına prosessual maneələr olan müraciətlərə şamil olunmur.
Vəsatələrə (təqdimatlara) bu və ya digər prosessual manelər səbəbindən məhkəmədə mahiyyəti üzrə baxmaq mümkün olmadıqda, misal üçün aidiyyəti olmayan məhkəməyə və yaxud hüququ olmayan şəxs tərəfindən müraciət edildikdə, təqdimatla yanaşı müstəntiqin vəsatəti məhkəməyə təqdim olunmadıqda və s. bu kimi hallarda hakim vəsatətin və təqdimatın geri götürülməsini müvafiq prokurora təklif edə, müraciətlər geri götürülmədikdə isə, onların baxılmadan müvafiq prokurora qaytarılması haqqında qərar qəbul edə bilər. [17]
16. Hakimin təqdimata və ya vəsatətə baxılma nəticəsi haqqında qəbul etdiyi qərar dərhal elan edilməlidir. Qərarın surəti 3 gündən gec olmayaraq CPM-nin 448.6-cı maddəsində göstərilən şəxslərə göndərilməlidir. Müvafiq müraciət olduqda qərarın surəti müdafiəçiyə də göndərilməli və ya təqdim olunmalıdır.
Haqqında həbsdən ibarət qətimkan tədbiri tətbiq edilən şəxs xarici ölkə vətəndaşı olduqda qərarın surəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə də göndərilməlidir.
17. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya seçilmiş qətimkan tədbirinin müddətinin uzadılmasına baxılması prosesində təqsirləndirilən şəxs tutulduqdan sonra işgəncələrə və digər qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə bəyanat verdikdə bu, məhkəmə iclas protokolunda əks etdirilir. Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həmin məsələnin yoxlanılması üçün yazılı şəkildə müvafiq məlumat göndərilir.
Təqsirləndirilən şəxs tərəfindən bu məzmunda bəyanat verilməsə də, onun işgəncələrə və ya ləyaqəti alçaldan digər qeyri insani rəftara məruz qalması hakimdə ciddi şübhə doğurması halları eyni məzmunlu tədbirin görülməsi üçün əsasdır.
18. Məhkəmələrə izah edilsin ki, həbs qətimkan tədbiri ilə bağlı təqdimatlara və ya vəsatətlərə baxılması cinayət prosesinin tərkib hissəsi olduğundan belə müraciətlərə baxılarkən məhkəmə iclas protokolunun (həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində) tərtib edilməsi mütləqdir. Bu Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərindən irəli gəlir. Protokolda təqdimatın mahiyyəti barədə hakimin məlumatı ilə yanaşı məhkəmə iclası iştirakçılarının təqdimat və vəsatətə münasibətləri, baxılmış sübutlar habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror iştirak etdikdə onun yekun sözü öz əksini tapmalıdır. [18]
Tərəflər məhkəmə iclas protokolu ilə tanış olmaq və ona qeydlər vermək hüququna malikdirlər. Qeydlərə Azərbaycan Respublikası CPM-nin 51.7-ci maddəsində müəyyən edilən qaydada baxılmalıdır.
19. Azərbaycan Respublikası CPM-nin 452.1-ci maddəsinə əsasən hakimin həbs qətimkan tədbiri ilə bağlı qərarı elan edildikdən sonrakı 3 gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs və ya onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan dərhal sonra birinci instansiya məhkəməsi bu barədə məhkəmə baxışının tərəflərinə yazılı məlumat verməklə məhkəmədə olan materialları apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. [19]
Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya instansiyası məhkəməsinə daxil olduqda həmin məhkəmə təxirə salmadan müvafiq materialları baxılmaq üçün birinci instansiya məhkəməsindən tələb etməlidir.
Materiallar apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra həmin məhkəmə cinayət işinin materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan tələb etməklə apellyasiya şikayətinə və ya apellyasiya protestinə 3 gün ərzində qapalı məhkəmə iclasında baxmalıdır.
Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması və ya bunlardan imtina edilməsi haqqında qərarlardan verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə məhkəmə iclasında baxılarkən şikayət və ya protest vermiş şəxslər məhkəməyə çağırılırlar. Lakin, onların məhkəmə iclasına gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına mane olmur.
Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti əsasında materiala baxarkən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın Azərbaycan Respublikası CPM-nin 154-155-ci maddələri, habelə CPM-nin 442-448-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını ətraflı yoxlamalıdır.
20. CPM-nin 496.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi Azərbaycan Respublikasının və sorğu edən xarici dövlətin qanunvericiliyi ilə cinayət qaydasında cəzalandırılmalı olan və törədilməsinə görə bir ildən az olmayan müddətə azadlıqdan məhrum etmə növündə və ya daha ağır cəza növünün nəzərdə tutulduğu əməllərə görə həyata keçirilir. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq şəxsin cinayət təqibi ilə əlaqədar xarici dövlətə verilməsi məsələsi həll edilərkən bunun üçün təqdim edilmiş materiallarda xarici dövlətin məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarı olmadıqda prokurorun təqdimatı əsasında məhkəmələr bu növ qətimkan tədbirini seçə bilərlər. Bu zaman hakim belə qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsasların olmasını yoxlamalıdırlar.
Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının müraciətinə verilməsi xahiş edilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar əlavə edildikdə, təkrarən bu məzmunda qərar qəbul edilməsinə ehtiyac yoxdur. Belə şəxslər haqqında seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması barədəki təqdimatlara CPM-nin 159-cu maddəsi ilə müəyyən edilmiş qaydada baxılır.
21. Məhkəmələrin diqqəti həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təqdimatlara baxılması vəziyyətinin vaxtaşırı öyrənilməsi və ümumiləşdirilməsi zəruriliyinə cəlb edilsin.
Ramiz Rzayev
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə Qərarın adı dəyişdirilmişdir: Əvvəlki redaksiyada deyilirdi:
Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında
[2]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə Qərarın preambulasının 3-cü abzasının birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Bakı şəhərinin rayon məhkəmələrində və Sumqayıt şəhər məhkəməsində təqsirləndirilən şəxslər barəsində 2008-ci ildə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması vəziyyəti barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlərə baxılması vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əsasən əməl olunur.
[3]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 2-ci bəndin 1-ci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
2.Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 154.3-cü maddəsinə əsasən prosessual məcburiyyət tədbiri olan həbs qətimkan tədbiri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxslər barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
[4]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 2-ci bəndin 2-ci abzasının sonunda olan “Bu zaman nəzərə alınmalıdır ki, əsaslı şübhə şəxsin cinayət törətməsi barədə kifayət qədər məlumatların olmasını ehtivar edir” cümləsi “Bu zaman nəzərə alınmalıdır ki, əsaslı şübhə təqsirləndirilən şəxsin törədilmiş cinayətə aidiyyatını ehtimal etmək üçün kifayət edən məlumatlara əsaslanmalıdır. Şəxsin cinayətə aidiyyatını deyil, yalnız cinayət hadisəsinin baş verməsini əks etdirən faktlar və məlumatlar əsaslı şübhənin mövcudluğunun müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz” cümlələri ilə əvəz edilmişdir.
[5]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 2-ci bəndin sonuncu abzasında “48 saat” sözləri çıxarılmışdır.
[6]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 4-cü bəndin 2-ci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Nəzərə alınmalıdır ki, həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdə, habelə həbsə alternativ olan qətimkan tədbirləri (ev dustaqlığı və girov) seçilmədikdə, məhkəmələr CPM-nin 154-cü maddəsi ilə müəyyən edilmiş digər qətimkan tədbiri seçmək səlahiyyətində deyillər. CPM-nin 154.4-cü maddəsinin mənasına görə, bu halda Məcəllənin 154.2.4-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri yalnız ibtidai araşdırma orqanı tərəfindən seçilə bilər.
[7]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 5-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
5. Azərbaycan Respublikası CPM-nin 155.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri bir qayda olaraq iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə tətbiq oluna bilər.
Məhkəmələrə tövsiyyə edilsin ki, böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat yalnız aşağıdakı hallardan biri mövcud olduqda təmin edilə bilər: təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmadıqda, həmin şəxsin şəxsiyyəti müəyyən edilmədikdə, təqsirləndirilən şəxs onun barəsində əvvəllər seçilmiş başqa qətimkan tədbirinin şərtlərini pozduqda, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməsi, saxtalaşdırması, ibtidai istintaq və ya məhkəmə baxışının normal gedişinə mane olması, ibtidai istintaqdan qaçıb gizlənməsi, onun yeni cinayət törətməsi ehtimalı olduqda. Bu zaman nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin daimi qeydiyyatının olmaması onun daimi yaşayış yerinin olmamasını təsdiq edən hallardan biri olsa da, bu hal heç də bir qayda olaraq onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas vermir. Hər bir halda məhkəmənin qəbul etdiyi qərarda sadalanan halların mövcudluğu və ya ehtimalı əsaslandırılmalıdır.
[8]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 6-cı bəndin 1-ci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə və ya girovla əvəz edilməsinə dair vəsatətlərə onların alındıqları vaxtdan 24 saat ərzində (qeyri iş gününə və ya iş vaxtından sonraya düşməsindən asılı olmayaraq) məhkəmənin binasında təkbaşına, qapalı məhkəmə iclasında baxılır. Məhkəmə iclasında təqdimatla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsin iştirakı məcburidir.
[9]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 6-cı bəndə üçüncü abzas əlavə edilmişdir:
[10]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 8-ci bəndin 2-ci abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmələrə izah edilsin ki, cinayət-prosesual qanunvericiliyin bu norması məhkəmələr tərəfindən sübutların araşdırılmasını və ya qiymətləndirilməsini özündə ehtiva etmir. Göstərilən qaydada məhkəmə araşdırması yalnız vəsatət və təqdimatda istinad edilmiş, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal edən ilkin sübutların, habelə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların mövcudluğunun yoxlanılmasından ibarət olmalıdır.
[11]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 8-ci bəndə 3-cü abzas əlavə edilmişdir:
[12]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 9-cu bəndin 2-ci abzası aşağıdakı redaksiyada verilmişdir: Əvvəlki redaksiyada deyilirdi:
Təqdimata onun qanuni həlli üçün zəruri olan materiallar, məsələn cinayət işinin başlanması, təqsirləndirilən şəxsin tutulması, onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, dindirilməsi barədə protokol və qərarların surətləri, şəxsiyyətini təsdiq edən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 447.5-ci maddəsinə əsasən, hakim müraciətlərin əsaslılığını yoxlamaq məqsədilə ibtidai araşdırma zamanı əldə olunmuş digər sənədləri (məsələn, ittihamla bağlı ifadələri, üzləşmə protokollarını), maddi sübutları tələb edərək nəzərdən keçirmək hüququna malikdir.
[13]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 9-cu bənddə 3-cü abzasdan sonra 4-cü abzas əlavə edilmiş, müvafiq olaraq növbəti abzas 5-ci abzas hesab edilmişdir:
[14]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 10-cu bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
10. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 157.5 və 448.1.3-cü maddələrinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara baxılarkən şəxsin cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbiri əvəzinə ev dustaqlığı qətimkan tədbiri seçə, yaxud həbs qətimkan tədbirini ev dusğaqlığı qətimkan tədbiri ilə əvəz edə bilər. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti və ya apellyasiya protestinə baxarkən eyni məzmunlu qərar (təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında) qəbul etmək hüququna malikdir.
CPM-nin 163.2-ci maddəsinə əsasən, ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi də baxıla bilər.
Ev dustaqlığı qətimkan tədbiri seçilərkən məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin yaşı, sağlamlıq vəziyyəti, ailə vəziyyəti və başqa hallar nəzərə alınmalıdır. Törədilmiş cinayətin ağırlığından asılı olaraq haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin barəsində CPM-nin 163.3-cü maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin hamısı və ya bir hissəsi tətbiq edilə bilər. Bu məhdudiyyətlərin tətbiqi məhkəmənin qərarında öz əksini tapmalıdır. Qeyd olunan məhdudiyyətlərin tətbiqi zamanı barəsində ev dustaqlığı seçilmiş yetkinlik yaşına çatmamış şəxslərin yaşına, yaşayış və tərbiyə olunmaları şəraitinə, şəxsiyyətlərinin xüsusiyyətlərinə, yetkinlik yaşına çatmış şəxslərin, o cümlədən qanuni nümayəndələrinin onlara təsiri dərəcəsinə xüsusilə diqqət yetirmək lazımdır.
[15]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 13-cü bəndin 1-ci abzası yeni redaksiyada 1-7-ci abzaslarla əvəz edilmiş və buna müvafiq olaraq həmin bəndin 2-ci, 3-cü və 4-cü abzasları 8-ci, 9-cu və 10-cü abzasları hesab edilmişdir.
[16]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 13-cü bəndin axırıncı cümləsində “159.3-cü maddəsinin” sözləri “159.3 və 159.3-1-ci maddələrinin” sözləri ilə əvəz edilmişdir.
[17]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 15-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
15. Məhkəmələrə izah edilsin ki, təqsirləndirilən şəxsin barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında təqdimat təmin edilmədikdə, onun ibtidai istintaqın gedişində yenidən həbsə alınmasını, yaxud haqqında həbs qətimkan tədbiri seçilməsini zəruri edən yeni hallar aşkar edildikdə, bu barədə məhkəməyə yenidən təqdimat verilə bilər. Yeni hallar dedikdə məhkəmənin qərarından sonra şəxsin istintaqdan gizlənməsi, cinayətkar fəaliyyətini davam etdirməsi, cinayət işi üzrə həqiqətin aşkar edilməsinə mane olan hərəkətlər etməsi, ona daha ağır, yeni ittiham elan edilməsi və bu kimi hallar başa düşülür.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 109.1.6-cı maddəsinin mənasına görə hakimin məhkəmə nəzarəti qaydasında təqsirləndirilən şəxs haqqında verilən təqdimata baxması onun həmin şəxs haqqında təkrar təqdimata baxmaq hüququnu istisna etmir.
[18]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 18-ci bəndin 1-ci abzasının sonuncu cümləsində “münasibətləri,” sözündən sonra “baxılmış sübutlar” sözləri əlavə edilmişdir.
[19]
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə 19-cu bəndin birinci abzasında “prokuror” sözündən sonra “və ya yuxarı prokuror” sözləri əlavə edilmişdir.
Göstərilən platformalarda paylaş: