"İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir
07.05.2016, 12:357 may 2016-cı il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin və qeyd olunan məhkəmələrin yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsində təşkil olunan seminarı giriş sözü ilə açan Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Konvensiyanın 3-cü və 5-ci maddələrin və bu maddələrlə bağlı Azərbaycana qarşı qəbul edilmiş qərarların təhlilinin vacib olduğunu vurğulamışdır.
Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və aparıcı məsləhətçisi Gülarə Abdullayeva işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarın anlayışlarının və Azərbaycana qarşı qərarların təhlilinə həsr olunmuş təqdimatlarla çıxış etmişlər. Daha sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov “İşgəncə verilməsi, işgəncənin təsiri ilə etirafedici izahatların alınması haqqında iddialarla əlaqədar təcrübədə üzə çıxan problemlər” mövzusunda çıxış etmiş, milli təcrübədən müvafiq nümunələri seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Seminarın ikinci hissəsində şöbənin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyeva və məsləhətçisi Süleyman Aslanov azadlıq və toxunulmazlıq hüququ və Azərbaycana qarşı qərarların təhlili üzrə təqdimatlarla çıxış etmişlər. Seminarda Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov “Qanunsuz azadlıqdan məhrum etmə, məhkəməyədək həbsdə saxlanmanın uzun müddət davam etməsi və digər məsələlərlə bağlı təcrübədə yaranan problemlər” mövzusu ilə bağlı fikirlərini seminar iştirakçıları ilə bölüşmüşdür.
Seminarda həmçinin kazuslar həll edilmiş və sual-cavab sessiyası keçirilmişdir.
Göstərilən platformalarda paylaş: