Koreya Respublikası Ali Məhkəməsinin hakimi Li Sang Hun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
06.11.2012, 12:35 2012-ci il noyabrın 6-da ölkəmizdə səfərdə olan Koreya Respublikası Ali Məhkəməsinin hakimi Li Sang Hun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Koreya arasında müxtəlif sahələri əhatə edən əlaqələrin, o cümlədən məhkəmə hüquq sahəsində mövcud olan əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmişdir.
Ali Məhkəmənin sədri həmçinin Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, respublikamızda elektron məhkəmələrin yaradılmasına hazırlıqla bağlı görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.
Koreyalı hakim ölkəsinin məhkəmə sistemi haqqında danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Görüşdə məhkəmə hüquq sistemi ilə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Koreya Respublikası Ali Məhkəməsinin hakimi Li Sang Hun Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışdır.
Göstərilən platformalarda paylaş: