ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasında yeni təyin olunmuş məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilmişdir

18.12.2010, 12:35
Məhkəmə-Hüquq Şurasında yeni təyin olunmuş məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilmişdir
Məhkəmə-Hüquq Şurasında yeni təyin olunmuş məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 13 dekabr tarixli Sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi, həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunmuşlar və yeni məhkəmələr 2011-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaqlar. 

     AzərTAc xəbər verir ki, dövlətimizin başçısının həmin sərəncamından irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və yeni təyin olunmuş məhkəmə sədrlərinin iştirakı ilə geniş müzakirə edilmişdir. 

     Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilmiş, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilmişdir. 

     İclasda, həmçinin insan haqlarının etibarlı təmin olunmasında yeni məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə məhkəmə sədrlərinin yüksək məsuliyyəti qeyd edilmiş, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsanların qətiyyətlə aradan qaldırılması zərurəti vurğulanmış, mövcud problemlərlə maraqlanılmış, konkret tapşırıqlar müəyyən edilmişdir.

    Yeni təyin olunmuş məhkəmə sədrləri tədbirdə çıxış edərək onlara göstərilmiş etimada görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, mövcud nöqsanların aradan qaldırılması üçün əzmlə çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini və hakimin yüksək adını daim uca tutacaqlarını bildirmişlər.