Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Ədliyyə nazirinin müavini Can Sucunun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür
26.04.2013, 12:352013-cü il aprelin 26-da ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Ədliyyə nazirinin müavini Can Sucunun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Çin Xalq Respublikası Ədliyyə naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycanla Çinin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının mqddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.
Ali Məhkəmənin sədri Azərbaycanla zəngin hüquq ənənələrinə malik Çinin məhkəmə - hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin ədliyyə və məhkəmə sistemləri arasında əməkdaşlığının daha da inkişafına xidmət edəcəyini vurğulamışdır.
Çin Xalq Respublikası Ədliyyə nazirinin müavini Can Sucun Çində Ədliyyə nazirliyinin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Nazir müavini qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Çinli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Çinin nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: