ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir

12.05.2009, 12:35
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir
 
Mayın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilmişdir.
 
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
 
Mərasimə toplaşan dövlət və hökumət rəsmiləri, xarici qonaqlar, diplomatik korpusun və hüquq mühafizə orqanlarının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
 
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi.
 
Mərasimdə iştirak etmək üçün Bakıya gəlmiş Slovakiya Baş nazirinin müavini - ədliyyə naziri Ştefan Xarabin, Türkiyənin Ali Məhkəməsinin sədri Hasan Gerçəker və Gürcüstanın Ali Məhkəməsinin sədri Konstantin Kublaşvili Prezident İlham Əliyevə təqdim edildi.
 
Binanın birinci mərtəbəsində ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin ağ qranitdən abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev və mərasimdə iştirak edən qonaqlar abidəni ziyarət etdilər.
 
Sonra Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, paytaxtın Xətai rayonu ərazisində 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ali Məhkəmənin yeni binası üçün klassik-eklektika üslubu seçilmiş, bu zaman milli daş memarlığının elementləri, eləcə də dövlət atributları nəzərə alınmışdır. Müəllifi gənc memar Vüqar Həsənov olan bina memarlıq həlli baxımından mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Memarlar İttifaqının “Müstəqillik dövrünün ən yaxşı layihəsi” nominasiyası üzrə ikinci mükafata layiq görülmüşdür.
 
Tikinti işlərinin aparılması üçün 1,4 hektar torpaq sahəsi ayrılmışdır. Hündürlüyü 29 metr olan binanın ümumi tikinti sahəsi 22916,36 kvadratmetr, ümumi yararlı sahəsi isə 14388,92 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllıq işləri aparılmışdır.
 
İnşaat işlərini “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin həyata keçirdiyi binada mərkəzləşdirilmiş havalandırma sistemləri, 5 lift quraşdırılmışdır. Liftlərin 4-ü xidməti, 1-i isə mühakimə olunanlar üçün nəzərdə tutulmuşdur.
 
Birinci mərtəbədə 9 böyük və kiçik məhkəmə zalı var. Məhkəmə zallarının sahəsi 70 kvadratmetrdən 160 kvadratmetrə qədərdir. Bu zalların daxili divarları və tavanı taxta üzlüklərlə işlənmişdir.
 
Prezident İlham Əliyev iclas zallarında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, Almaniyanın “Bosch” firmasının avadanlığı quraşdırılmış zallarda ən müasir avtomatlaşdırılmış şəbəkə yaradılmışdır. Bu texnologiyaların tətbiqi, audio və video təchizat mühakimə olunanların iclas zalına gətirilmədən, izolyatordan birbaşa dindirilməsinə imkan verir. İstənilən məhkəmə prosesi onlayn rejimində KİV nümayəndələrinə və aidiyyəti qurumlara təqdim edilə bilər. Binanın birinci mərtəbəsində təhlükəsizlik şöbəsi də yerləşir.
 
Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda ilk dəfə olaraq burada müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və sənəd dövriyyəsini təmin edən “İstinad” informasiya sistemi yaradılmışdır. Proqram kompleksi 4 əsas funksional komponentdən ibarətdir: sənəd dövriyyəsinin avtomatlaşdırılması, işlərə və müraciətlərə baxılma müddətlərinə, iş üzrə tərəflərə və digər aidiyyəti şəxslərə məhkəmə aktlarının və digər sənədlərin vaxtında göndərilməsinə nəzarət edilməsi sistemi, məhkəmə statistikası.
 
Prezident İlham Əliyevə binanın girişində quraşdırılmış informasiya köşkləri barədə də məlumat verildi. Bildirildi ki, bu köşklər vasitəsilə məhkumun adını və soyadını qeyd etməklə tabloda həmin işlə bağlı bütün məlumatları əldə etmək olar. Ali məhkəmədə quraşdırılmış informasiya təminatı şəbəkəsi digər məhkəmələrin sistemləri ilə də əlaqə yaratmağa imkan verir.
 
İclas zalları audio-video avadanlıqla, binaya giriş elektron kart sistemi, daimi video müşahidə və avtomat siqnal sistemi ilə təchiz olunmuşdur.
 
Binanın digər mərtəbələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2-ci və 3-cü mərtəbələrdə sədarət və hakimlərin iş otaqları yerləşir. Otaqların arakəsməsi şüşədəndir. Kitabxana (520 kvadratmetr), muzey (400 kvadratmetr), konfrans zalı (400 kvadratmetr) və plenum zalı (285 kvadratmetr) 4-cü mərtəbədə, yeməkxana və texniki otaqlar isə sonuncu mərtəbədə yerləşmişdir.
 
Prezident İlham Əliyev muzeydə Azərbaycanın məhkəmə-hüquq sisteminin tarixi və ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış oldu.
 
Ali məhkəmənin kitabxanası ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada oxu zalı, əsas və elektron kitabxanalar fəaliyyət göstərir. Kitabxanada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edən kitablara geniş yer verilmişdir.
 
Prezident İlham Əliyevə Ali Məhkəmənin tarixinə həsr olunmuş kitab hədiyyə edildi.
 
Bütün mərtəbələrdə respublikamızın tanınmış rəssamlarının nəfis əl işləri yerləşdirilmişdir. Azərbaycanın xalq rəssamı Ədhəm Yusubovun və əməkdar rəssam Səlhab Məmmədovun işlədiyi “Azərbaycan“ qobeleni Prezident İlham Əliyevdə xüsusi maraq doğurdu.
 
Prezident İlham Əliyev binanın beşinci mərtəbəsindəki eyvandan paytaxtın panoramını seyr etdi.
 
Binanın birinci mərtəbəsində davam edən mərasimdə əməkdar artist Fidan Hacıyeva kvartetin müşayiəti ilə Ali Məhkəmənin himnini ifa etdi.
 
Sonra müstəqil Azərbaycan dövlətində məhkəmə-hüquq islahatlarının tarixinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdikləri silsilə tədbirlərə və Ali Məhkəmənin yeni binasına həsr olunmuş “Ədalət mühakiməsi” adlı film nümayiş olundu.
 
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.