Qazaxıstan Respublikası Ali Məhkəməsi hakimlərinin Azərbaycana işgüzar səfəri
20.12.2021, 15:00Qazaxıstan Respublikası Ali Məhkəməsinin bir qrup hakimi Azərbaycana işgüzar səfərə gəlib.
Dekabrın 20-də Qazaxıstan Ali Məhkəməsinin hakimləri Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edilib, onların məzarları üstünə gül-çiçək düzülüb. Qonaqlar “Əbədi məşəl”abidəsinin önünə əklil qoyublar.
Həmin gün Qazaxıstan Ali Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşüblər.
Hörmətli qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verib, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdıran Ali Məhkəmənin sədri beynəlxalq nüfuzlu hüquq təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini söyləyib.
Ali Məhkəmənin sədri deyib ki, 10 il bundan əvvəl ölkəmizdə inzibati məhkəmə icraatının tətbiqinə başlanılıb. Bu önəmli hadisə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların növbəti mühüm mərhələsini təşkil edib. Yeni inzibati hüquq modelinin qəbulu ölkəmizdə dövlət-vətəndaş münasibətlərinə tamamilə yeni yanaşma gətirib.
Ölkəmizdə inzibati məhkəmələrin fəaliyyəti ilk gündən inzibati orqanların qərarlarına və hərəkətlərinə qarşı hüquqi müdafiənin ədalətli mübahisələndirilməsinə və obyektiv hüquqi qiymət verilməsinə əsaslanır. Bunun nəticəsi olaraq, inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılıb, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit edilib. Artıq mülki prosesdən fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vəzifəsi, işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq borcu və sair kimi yeni prosessual qayda və prinsiplər tətbiq olunur.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov ölkəmizdə inzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədinin idarəçilik fəaliyyətinə hüquqi dövlət prinsipinin tələblərinə uyğun tamamilə yeni konseptual yanaşma gətirməkdən ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, islahatların konsepsiyası ona əsaslanıb ki, məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər. Digər tərəfdən isə belə vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı iş əmsalının, idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edir.
Qazaxıstan Ali Məhkəməsinin hakimləri ötən il 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə görə Azərbaycan xalqını təbrik ediblər. Qazaxıstanlı hakimlər Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərdiklərini, Azərbaycanda məhkəmə fəaliyyətinin təşkilati-hüquqi təminatının, xüsusən inzibati sahədə məhkəmə fəaliyyətinin müsbət təcrübəsinin öyrənilməsi məsələlərinə xüsusi önəm verdiklərini vurğulayıblar. Qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini qeyd ediblər.
Görüşdən sonra İnzibati Kollegiyanın hakimlərinin və qonaqların iştirakı ilə geniş iclas keçirilib. İclasda “Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il” adlı kitabın təqdimatı olub. Azərbaycanda inzibati məhkəmələrin inkişaf yolunu əks etdirən film nümayiş etdirilib.
İclasda inzibati icraat və inzibati prosessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunub, xüsusulə, inzibati məhkəmələrin fəaliyyəti və bu sahədə mövcud məhkəmə təcrübəsi barədə geniş fikir mübadiləsi aparılıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıb, Xatirə kitabına ürək sözlərini yazıblar.
Göstərilən platformalarda paylaş: