Şəki Məhkəmə Kompleksində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir
21.05.2016, 12:3521 may 2016-cı il tarixində Şəki Məhkəmə Kompleksində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin və qeyd olunan məhkəmələrin yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə təşkil olunan seminarı giriş sözü ilə açan Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Konvensiyanın 3-cü və 5-ci maddələrin və bu maddələrlə bağlı Azərbaycana qarşı qəbul edilmiş qərarların təhlilinin vacib olduğunu vurğulamışdır.
Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və aparıcı məsləhətçisi Gülarə Abdullayeva işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar anlayışlarının və Azərbaycana qarşı qərarların təhlilinə həsr olunmuş təqdimatlarla çıxış etmişlər. Daha sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov “İşgəncə verilməsi, işgəncənin təsiri ilə etirafedici izahatların alınması haqqında iddialarla əlaqədar təcrübədə üzə çıxan problemlər” mövzusunda çıxış etmiş, milli təcrübədən müvafiq nümunələri seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Seminarın ikinci hissəsində şöbənin böyük məsləhətçisi Nərgiz Ocaqverdiyeva və məsləhətçisi Süleyman Aslanov azadlıq və toxunulmazlıq hüququ vəAzərbaycana qarşı qərarların təhlili üzrə təqdimatlarla çıxış etmişlər. Seminarda Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarov “Qanunsuz azadlıqdan məhrum etmə, məhkəməyədək həbsdə saxlanmanın uzun müddət davam etməsi və digər məsələlərlə bağlı təcrübədə yaranan problemlər” mövzusu ilə bağlı fikirləriniseminar iştirakçıları ilə bölüşmüşdür.
Seminarda Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov və Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev çıxış edərək müvafiq mövzularla bağlı fikirlərini seminar iştirakçılarının nəzərinə çatdırmışlar.
Seminarda həmçinin kazuslar həll edilmiş və sual-cavab sessiyası keçirilmişdir.
Göstərilən platformalarda paylaş: