Səudiyyə Ərəbistanı ilə uğurlu əməkdaşlıq edilir
06.02.2019, 12:35Səudiyyə Ərəbistanı ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ədliyyə Nazirliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti 2019-cu il yanvarın 27-31-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuşlar.
Səfər zamanı ölkəmizin nümayəndə heyətini İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qəbul etmişdir.
Azərbaycanla əməkdaşlığın inkişafının Səudiyyə Ərəbistanı üçün prioritet olduğunu bildirən Kral, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətini məmnuniyyətlə qeyd etmiş, bu səfərin ikitərəfli əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyini, habelə ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bildirmişdir.
Görüş zamanı iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı, ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi qeyd olunmuşdur.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri ilə görüş keçirilmiş, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, hər iki dövlətin ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılmış, iki ölkənin nazirlikləri arasında ədliyyə və məhkəmə sistemlərinin müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, elektron ədliyyə, elektron məhkəmə, ədliyyə işçilərinin və hakimlərin tədrisi və digər sahələrdə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin sədri və Baş Prokuroru ilə görüşlərdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları və tətbiq olunan innovasiyalar, xüsusilə “Elektron məhkəmə” sisteminin fəaliyyəti, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, hakimlərin seçimi və tədrisi haqda məlumat verilmiş, təcrübə mübadiləsi aparılmışdır.
Eyni zamanda, ölkəmizin nümayəndə heyəti Səudiyyə Ərəbistanının ən böyük məhkəmələrindən olan, 70-ə yaxın hakimin çalışdığı Ər-Riyad Cəza Məhkəməsinin fəaliyyəti ilə və məhkəmədə elektron texnologiyaların tətbiqinə dair təqdimatla tanış olmuşlar.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanının bölgələrinə səfər edilərək yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə də tanış olunmuşdur.
Göstərilən platformalarda paylaş: