Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
06.10.2009, 12:352009-cu il oktyabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım İveta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir. Ali Məhkəmənin sədri həmçinin son illər respublikamızda məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
Azərbaycanın Avropa ölkələri ilə işgüzar əlaqələrinin inkişaf səviyyəsindən razılığını ifadə edən Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Slovakiya Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Slovakiya Konstitusiya Məhkəməsinin sədri İveta Matsejkova iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Slovakiyalı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirən xanım İveta Matsejkova muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.
Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinə və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: