Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti Ali Məhkəmənin fəaliyyəti ilə tanış olmuşdur
17.04.2013, 12:352013-cü il aprelin 17-də ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyası İdarə Heyətinin üzvü-Yüksək Seçim Kurulu başqanı Sadi Güvenin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova və Hərbi Kollegiyasının sədri Tapdıq Mahmudovla görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Azərbaycan və Türkiyənin məhkəmə və ədliyyə sistemləri arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. Kollegiya sədri Azərbaycan Məhkəmə sistemi və Ali Məhkəmənin fəaliyyəti haqqında qonaqlara məlumat vermiş, gənc hakimlərin Türkiyə Ədliyyə Akademiyasında təcrübə keçmələrini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının mqddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə tətbiq olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Nümayəndə heyətinin rəhbəri Sadi Güven Türkiyə Ədliyyə Akademiyasının hüquq kadrlarının hazırlanması sahəsindəki fəaliyyətindən danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxmışlar.
Göstərilən platformalarda paylaş: