ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycana rəsmi səfəri

18.04.2016, 12:35
Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycana rəsmi səfəri
Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin Azərbaycana rəsmi səfəri

        Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Mehmet Akarca, Türkiyə Respublikası Ədliyyə Akademiyasının rektoru Yılmaz Akgül və nümayəndə heyətinin digər üzvləri 2016-cı il aprelin 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlmişlər.  

           Aprelin 18-də Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə fəxri xiyabana gələrək türk dünyasının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzdülər.

           Türkiyəli qonaqlar Şəhidlər Xiyabanını ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü. Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

            Türkiyəli qonaqlar türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdilər. Abidənin önünə əklil qoyuldu, türk şəhidlərinin xatirəsi ehtiramla yad edildi.

           Həmin gün  Azərbaycan Respublikası Ali Məhkəməsində Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin başçılıq  etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

          Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın  birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Türkiyə və Azərbaycanın Dövlət başçılarının qarçılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələri türk dünyasının birliyinin və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını ifadə etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır.   Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun  formalaşmasında  xidmətləri məmnunluqla qeyd edilmişdir.  

         Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində  öz əksini tapması barədə qonaqlara məlumat vermişdir.  Ali Məhkəmənin sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin  Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

          Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit  Türkiyədə Ali Məhkəmənin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir.  Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

        Türkiyə Respublikası Ali Məhkəməsinin  Baş Prokuroru Mehmet Akarca Türkiyə və Azərbaycanın məhkəmə - hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyini qeyd etmişdir.

        Görüşdə  hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər  və  məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mabadiləsi aparılmışdır.

        Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Ali Məhkəmənin  tarixini əks etdirən  muzeyə baxmışlar. Türkiyə Ali Məhkəməsinin sədri muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.

        Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin  başçılıq  etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.