ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

17.04.2013, 12:35
Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur
2013-cü il aprelin 17-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldürün başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
 
Görüşdə Ali Məhkəmənin sədri Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır.
 
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının mqddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə tətbiq olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
 
Ali Məhkəmənin sədri Azərbaycanla zəngin hüquq ənənələrinə malik qardaş Türkiyənin məhkəmə - hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin məhkəmə sistemləri arasında əməkdaşlığının daha da inkişafına xidmət edəcəyini vurğulamışdır.
 
Nümayəndə heyətinin rəhbəri Sərdar Özgüldür Türkiyə Respublikası Yüksək Yurisdiksiya Məhkəməsinin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Türkiyəli sədr qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
 
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
           
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.
 
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin sədrinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.