Türkiyənin Azərbaycandakı səfiri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
14.12.2012, 12:352012-cİ il dekabrın 14-də Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Alper Coşkun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Alper Coşkunu Ali Məhkəmədə salamlamaqdan məmnunluğunu ifadə edən Ali Məhkəmənin sədri eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və türk xalqlarının vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır.
Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Alper Coşkun iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamış, Azərbaycan haqqında təəssüratlarını bölüşmüşdür.
Türkiyənin səfiri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binası ilə tanış olmuşdur.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə Türkiyənin Azərbaycandakı səfirinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: