Ukraynanın Ədliyyə naziri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
23.06.2017, 12:352017-ci il iyunun 23-də ölkəmizdə səfərdə olan Ukraynanın Ədliyyə naziri Pavlo Petrenkonun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat vermiş, aparılan məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapmasını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. Eyni zamanda Azərbaycan və Ukrayna məhkəmə sistemləri arasında çox işgüzar əlaqələr yaranmış, bu əlaqələr ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Ukraynanın Ədliyyə naziri Pavlo Petrenko ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmiş, Azərbaycanla Ukrayna arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmiş və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.
Göstərilən platformalarda paylaş: