Ulu öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
12.12.2011, 12:352011-ci il dekabrın 12-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev ulu öndər Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ümummilli liderin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.
Ümummilli liderimiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.
Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, onun Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini qeyd etmiş, irsinin daim yaşayacağını bildirmişlər.
Göstərilən platformalarda paylaş: