Vyetnam Milli Məclisinin sədr müavini Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
28.06.2013, 12:352013-cü il iyunun 28-də ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycanla Vyetnam arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lu Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqə yaratmaq barədə razılığa gəlinmişdir. Qonaq iki ölkə arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Vyetnamlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Vyetnamın nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: