ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Xalq qəzeti: Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans başa çatıb

27.10.2014, 12:35
Xalq qəzeti: Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans başa çatıb
Xalq qəzeti: Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans başa çatıb

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfrans oktyabrın 25-də işini başa çatdırıb.

AzərTAc xəbər verir ki, konfransın ikinci günündə “Konvensiya sistemi çərçivəsində hakimlər arasında dialoq” mövzusunda sessiyaya moderatorluq edən Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun İnsan Hüquqları Siyasəti və İnkişafı İdarəsinin rəisi Mixail Lobov mövzu ilə bağlı məlumat verdi və bu məsələnin əhəmiyyətindən danışdı.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Katibliyinin rəhbər müavini Maykl Patrik O’Boyl “Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq” mövzusunda çıxışında bildirdi ki, belə mühüm tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və dialoq üçün çox əhəmiyyətlidir. O, məhkəmələrin kommunikasiya strategiyasının bu prosesdə özünü doğrultduğunu xüsusi qeyd etdi. İnsan hüquqlarının müdafiəsinin müasir dünyada daha çətin olduğunu vurğulayan M.O’Boyl diqqətə çatdırdı ki, belə mürəkkəb vəziyyətdə bütün tərəflər bu prosesə öz töhfələrini verməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin islahatı üzrə ekspertlər komitəsinin sədri, Norveç Ədliyyə Nazirliyinin xüsusi məsləhətçisi Morten Ruud “Konvensiyanın 16 saylı Protokolu” mövzusunda məruzə ilə çıxışında bu sənədin tarixi barədə məlumat verdi və onun 10 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə mindiyini diqqətə çatdırdı. Qeyd etdi ki, sənəd bütün üzv ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Avropada yaxşı presedent olacaq. O, 16 saylı Protokolun milli məhkəmələr və hakimlərlə Avropa Məhkəməsi arasında faydalı dialoqun qurulmasında mühüm rol oynayacağını vurğuladı.

Venesiya Komissiyasının fundamental hüquqlar komitəsinin sədri Herdis Torqeysdottir “Venesiya Komissiyasının rolu” mövzusunda məruzəsində Venesiya Komissiyasının hakimlər arasında dialoq prosesində rolundan danışdı. Bildirildi ki, məsləhət-məşvərətçi qurum olan Venesiya Komissiyası Avropa Məhkəməsi və milli məhkəmələr üçün köməkçi orqan funksiyasını yerinə yetirir. Komissiya hüquqi məsləhətləri üzv dövlətlərə çatdırmaqla onların təcrübə baxımından demokratiya və qanunun aliliyi istiqamətləri üzrə Avropa standartlarına uyğunlaşdırılmasına çalışır.

Çıxışlardan sonra sessiyada müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Müzakirələrə qoşulan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgərov 16 saylı Protokolun əhəmiyyətindən danışaraq bildirdi ki, Azərbaycan Respublikasının bu mühüm sənədə qoşulması ilə bağlı daxili prosedur artıq başlayıb.

Beynəlxalq konfransın bağlanışında çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Respublikasından seçilmiş hakimi Xanlar Hacıyev tədbirdə həm yerli, həm də xaricdən olan hakimlər korpusunun iştirakını mühüm amil kimi dəyərləndirdi. İki gün ərzində aparılan müzakirələrin əhəmiyyətini vurğulayan X.Hacıyev dedi: “Mən Azərbaycanda hakim kimi çalışanda – 1990-cı illərin əvvəlində biz Konvensiyanın tətbiqini ancaq onun hansısa maddəsinə istinadda görürdük. Zaman keçdi və biz artıq Avropa Məhkəməsinin presedent hüququna istinad etməyə başladıq”.

Xanlar Hacıyev azərbaycanlı hakimlərin qərar qəbul edərkən Avropa Məhkəməsi ilə fikir mübadiləsi aparmalarının vacibliyini vurğulayaraq bildirdi ki, dövlət inkişaf etdikcə məhkəmə sistemi də inkişaf edir. Hüququn tətbiqi konkret olaraq hakimin düşüncəsindən, hüquq mədəniyyətindən və ənənələrindən asılıdır. Azərbaycan gənc ölkədir və əminəm ki, hüquq ənənələrinin təkmilləşdirilməsində daha böyük irəliləyişlər olacaq.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Konvensiyanın tətbiq etmək yükünü daşıyan milli hakimlərin rolunu xüsusi vurğulayaraq bildirdi ki, bu sahədə bizim üzərimizə böyük məsuliyyət düşür. Biz bu vəzifənin öhdəsindən qarşılıqlı faydalı təcrübəni öyrənib tətbiq etmək yolu ilə gələ bilərik.

Konvensiyanın müddəalarının Azərbaycan Respublikası hakimləri tərəfindən tətbiqi ilə bağlı beynəlxalq konfransda irəli sürülən təkliflərə münasibət bildirən R.Rzayev dedi ki, insan hüquqlarının müdafiəsi gündəlik gərgin əmək tələb edir. Konfransda aparılan müzakirələr ölkəmizin hüquq sistemi, eləcə də hakimlər üçün xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq, hakimlərin dialoqu davam etdiriləcək, Avropa Konvensiyasının milli səviyyədə səmərəli implementasiyası daha geniş tətbiq olunacaq.

Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya konfransın gedişində əsas istiqamətlər - məhkəmələrin hüquq pozuntuları ilə bağlı məsələlərə Avropa Konvensiyasından irəli gələn müddəalar əsasında yanaşması, çıxarılan hökmlərin və qərarların icrası, eləcə də hakimlər arasında dialoq üzrə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı. O bildirdi ki, məhkəmə hüquq sisteminin müstəqil fəaliyyəti təmin edilməsə, konstitusion hüquq və azadlıqların təminatından söhbət gedə bilməz.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə uğurla ev sahibliyi etdiyi beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirən F.Buaya qonaqpərvərliyə görə iştirakçılar adından minnətdarlığını bildirərək səmimi və faydalı dialoqun aparıldığını vurğuladı. 

Bununla da beynəlxalq konfrans işini başa çatdırdı.

http://www.xalqqazeti.com/az/news/news/49877