Xorvatiya Respublikasının Ədliyyə Naziri Ali Məhkəmənin Sədri ilə görüşmüşdür.
19.05.2014, 12:35 Ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Ədliyyə naziri Orsat Milyeniçin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü il mayın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri Xorvatiya Respublikası Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, hər iki xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı fikirlərini bölüşmüşdür. Bu görüşün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açdığını ifadə etmşdir. Ali Məhkəmənin sədri Azərbaycanla Xorvatiyanın məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yaranmasının uğurla inkişaf edərək genişlənəcəyini vurğulamışdır.
Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, hazırda Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan hüquqları məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır.
Xorvatiya Respublikasının Ədliyyə naziri Orsat Milyeniç iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Xorvatiya Respublikası Ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, iş şəraiti ilə tanış olmuş, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxmışdır.
Göstərilən platformalarda paylaş: