ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

13.04.2022, 05:13
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilmişdir.

Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olan və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından əhəmiyyət kəsb edən “ipotekaya xitamın verilməsi və digər” tələblər üzrə mülki işin halları aşağıdakılardan ibarət olmuşdur:

Belə ki, kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında 2017-ci ildə iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, eləcə də tələbkar tərəfindən mülkiyyətinə qəbul edilməmişdir. İcra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 23.1.5-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən icra edilmədən məhkəməyə geri qaytarılmışdır.

İddiaçı ikinci hərracdan sonra keçən müddət ərzində tələbkarın əmlakı mülkiyyətinə qəbul etmədiyini əsas tutaraq “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etməklə ipotekaya xitam verilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə daha əvvəl icraatda olmuş analoji işlər üzrə Ali Məhkəmənin məhkəmə tərkiblərinin hazırda işə baxan tərkibin mövqeyindən fərqlənən hüquqi yanaşmanın sərgiləndiyi müəyyən olunmuşdur.

Belə ki, qeyd edilən hüquqi məsələ ilə bağlı bir sıra məhkəmə tərkibləri “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə qeyd olunan 30 günlük müddətin ikinci hərracın baş tutmaması barədə elanın kütləvi informasiya vasitələrində (hərrac mərkəzinin elektron saytında) yerləşdirildiyi andan hesablanmalı olmasını göstərməklə, bunu istinad edilən normada tələbkara hərracın baş tutmaması və bununla bağlı əmlakın tələbkara təklif olunması ilə bağlı xüsusi bildirişin göndərilməli olmasına dair imperativ göstərişin olmaması ilə əsaslandırırlar.

Digər mövqe isə ikinci hərracın baş tutmaması haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi tarixindən deyil, məhz bununla bağlı müvafiq bildirişin tələbkara çatması anından hesablanmalı olması ilə bağlıdır. İkinci mövqedən yanaşanlar hesab edirlər ki, “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

Analoji mübahisəli hallar hərracın keçirilməsindən uzun müddət keçdikdən sonra meydana çıxan mübahisələr zamanı daha qabarıq özünü biruzə verir. Bu zaman tələbkarın hərracın keçirilməsi barədə ümumiyyətlə məlumatsız olması dəlilləri ortaya çıxdıqda mübahisə ilə bağlı fərqli qərarların qəbul edilməsi, iddia tələbi olmadığı halda hərracın etibarsızlığı ilə bağlı hallara hüquqi qiymət verilməsi təcrübəsinə də yol verilir.

Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2022-ci il may ayının 15-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.