ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

17.06.2020, 12:00
Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI
Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir.

Qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit olunmuşdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2020-ci il martın 1-dən qüvvəyə minmiş 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

Hazırda Ali Məhkəmənin icraatında olan mülki iş kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracdan satılmasına dair tələblə bağlıdır.

Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə müvafiq olaraq ilkin satış qiyməti ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsində göstərilir ki, ilkin satış ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu Qanuna müvafiq olaraq ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir (Maddə 54).

İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.

Ali Məhkəmənin kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə əvvəllər baxılmış bir çox işlərdə ipoteka predmetinin ilkin satış qiyməti əmlakın bazar qiyməti ilə müəyyən edilmişdir.

Eyni zamanda, mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin bir neçə qərarında ipoteka predmetinin ilkin satış qiymətinin məhz likvid qiymətlə müəyyən edilməli və bu səbəbdən də qiymətləndirmə ekspertizalarının keçirilməsinə dair qərardadlarda əmlakın həm likvid, həm də bazar qiyməti (likvid qiymətin ağlabatanlığına hakimin qiymət vermək imkanının olması üçün) ilə bağlı sualın qoyulmalı olduğuna dair hüquqi mövqe irəli sürülmüşdür.

Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi (əmlakın bazar qiyməti və yaxud məhz likvid qiyməti əsasında) üzrə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.

Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin iyulun 17-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.