ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin keçdiyi halda əmlakın ipoteka yüklülüyündən azad edilməsinin mümkünlüyü ilə bağlı mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin MƏLUMATI

02.07.2021, 16:44
Əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin keçdiyi halda əmlakın ipoteka yüklülüyündən azad edilməsinin mümkünlüyü ilə bağlı mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin MƏLUMATI
Əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin keçdiyi halda əmlakın ipoteka yüklülüyündən azad edilməsinin mümkünlüyü ilə bağlı mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin MƏLUMATI

Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmşdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “əmlakın ipotekadan azad edilməsi tələbinə dair” mülki iş vardır.

Mülki işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh bank arasında 2007-ci ildə avtomobil alınması məqsədilə 18 ay müddətinə avtomobil krediti və girov (ipoteka) müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu kimi avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilənin müddəti 2009-cu ildə başa çatmışdır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.12.2014-cü il tarixdə həyata keçirilmişdir. Cavabdeh bank tərəfindən kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə məhkəmədə hal-hazıradək iddia qaldırılmamışdır.

İddiaçı cavabdeh banka qarşı hazırda qaldırdığı “ipotekadan azad olunma” tələbini onunla əsaslandırmışdır ki, müqavilə müddətinin başa çatmasından 9 ildən çox vaxtın keçdiyindən və cavabdeh tərəfindən borc tələbinə dair iddia üzrə qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürüldüyündən, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın məhkəmədə qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, ipotekaya xitam verilməlidir. Belə ki, mülkiyyətində olan əmlakın bu şəkildə yüklü qalması onun hüquqlarını pozur. İddiaçı, tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 427.1, 427.4-cü maddələrinə istinad etmişdir.

İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.

Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bir sıra məhkəmə tərkibləri eyni kateqoriyadan olan mübahisələr üzrə daha əvvəl qəbul etdiyi qərarlarında əsas borca şamil olunan iddia müddətinin keçməsinə görə əmlakın ipotekadan azad edilməsi iddialarını təmin etmişlər. Məhkəmə kollegiyaları müqavilə tələbləri üzrə üç illik iddia müddəti müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə istinad etmişlər.  

Digər mövqe isə ondan ibarətdir ki, bu xarakterli mübahisələrə baxılarkən ilk növbədə əsas öhdəliyə xitam verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Məlum olduğu kimi ipoteka əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir. Əsas öhdəliyin hər hansı səbəbdən (tam icra və s.) aradan qalxması ipotekanın da xitamına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsi məhz bu halı tənzimləyən normadır. Məhkəmə araşdırması zamanı artıq borc öhdəliyinin qalmadığı müəyyən edildiyi halda həmin maddəyə uyğun olaraq əşyanın girovdan azad edilməsi üçün hüquqi bir maneə yoxdur. Bununla belə, bu qəbildən olan işlərdə məhkəmələr əşyanı yüklülükdən azad edərkən əsas öhdəliyin aradan qalxması halına deyil, müqavilə üzrə iddia müddətinin keçməsinə istinad edirlər. Halbuki, MM-in öhdəliklərə xitam verilməsinə dair 27-ci fəslində iddia müddətinin keçməsi nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmayıb, məhkəmədə irəli sürülən tələbə qarşı cavabdehin müdafiə vasitəsidir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması həmin əqddən irəli gələn və icra edilməmiş öhdəliyi aradan qaldırmır. Yəni, müqavilənin qüvvədə olma müddətinin qurtarması və ya iddia müddətinin keçməsi borclunun müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur.

Göründüyü kimi, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında müqavilə üzrə iddia müddətinin keçməsinə görə əmlakın ipotekadan azad edilməsi ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2021-ci il avqustun 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.