İpoteka predmeti olmayan əmlakların icra icraatı çərçivəsində açıq hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin məlumatı
24.05.2021, 13:13İpoteka predmeti olmayan əmlakların icra icraatı çərçivəsində açıq hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə
mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair
Ali Məhkəmənin
MƏLUMATI
Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmşdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki iş vardır.
Mülki işin hallarından göründüyü kimi, icra məmuru tərəfindən notariusun icra qeydinin icra edilməsi məqsədi ilə borclunun icra qaydasında üzərinə həbs qoyulmuş əmlakının açıq hərracda satılmasına dair hərrac təşkilatına sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı qeyd edilən sifariş əsasında ilkin hərrac keçirmiş, hərrac baş tutmadığından əmlakı ilkin satış qiymətindən müəyyən faizlə aşağı qiymətə təkrar hərraca çıxarmışdır. Təkrar hərrac da baş tutmadığından ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq etməklə tələbkara təklif etmiş və tələbkar əmlakı həmin qiymətə əldə etmişdir.
İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.
Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bir sıra məhkəmə tərkibinin əvvəllər oxşar mübahisələr üzrə qəbul etdiyi qərarlarında işə baxan məhkəmə tərkibindən fərqli hüquqi mövqe ilə çıxış edilərək, hazırki işdə olduğu kimi ipoteka predmeti olmayan, icra icraatı qaydasında tutmanın yönəldildiyi borclunun əmlakının “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaya uyğun keçirilmiş hərracdan satılmasını qanuni hesab etmişdır.
Hazırkı işə baxan məhkəmə tərkibinin isə mövqeyi ondan ibarətdir ki, icra sənədinin icrası qaydasında borclunun mülkiyyətində olan ipoteka predmeti olmayan əmlakın “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hərrac qaydalarına uyğun olaraq satılması qanunvericiliyə ziddir. Belə ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız borcun təminat vasitəsi kimi qoyulmuş ipoteka predmeti olan əmlakların açıq hərracda satılmasının özəl qaydasını müəyyən edir. İstinad edilən maddələrin məzmunundan göründüyü kimi, Mülki Məcəllədən fərqli olaraq “İpoteka haqqında” Qanunda birinci hərracın baş tutmadığı halda ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarıla bilməsi, habelə təkrar hərracın baş tutmaması zamanı ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilməsi şəklində müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki, digər hallardan fərqli olaraq qanunvericilikdə ipoteka predmeti olan əmlakların hərracdan satışı üçün onun realizəsini daha asan edən prosedurun nəzərdə tutulması ipotekanın əvvəlcədən tərəflərin könüllü razılığı əsasında öhdəliyin icrasının təminatı vasitəsi kimi qoyulmasından, habelə verilmiş kreditlərin vaxtında geri qaytarılmasını təmin etməklə, dövlətin mühüm iqtisadi dayaqlarından biri olan bank sisteminin fəaliyyətinin sabitliyinin qorunmasına olan zərurətdən irəli gəlir.
İpoteka predmeti olmayan əmlaklara icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə “İcra haqqında” Qanunun və Mülki Məcəllənin müvafiq müddəaları ilə tənzimlənir. Belə ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Mülki Məcəllənin 415-ci maddəsinin məzmununa baxdıqda isə görünür ki, “İpoteka haqqında” Qanundan fərqli olaraq hərracın bir neçə dəfə keçirilməsi, habelə qiymətin azaldılması kimi şərtlər nəzərdə tutulmamışdır.
Göründüyü kimi, Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53-cü maddələri ilə icra sənədi üzrə borcun icra qaydasında üzərinə həbs qoyulmaqla ipoteka predmeti olmayan əmlaka yönəldilməsi, habelə hərracın keçirilməsi proseduru “İpoteka haqqında” Qanundakı qaydalardan fərqlidir. Bu baxımdan icra icraatı qaydasında borclunun ipoteka predmeti olmayan əmlakına borcun yönəldilməsi zamanı “İpoteka haqqında” Qanunda müəyyən edilmiş şərtlərlə keçirilmiş hərrac etibarlı sayıla bilməz.
Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında icra icraatı qaydasında ipoteka predmeti olmayan əmlakın açıq hərracdan satılması qaydası ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.
Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2021-ci ilin iyulun 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.
Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.
Göstərilən platformalarda paylaş: