ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmənin MƏLUMATI

25.09.2020, 17:21
Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmənin MƏLUMATI
Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmənin MƏLUMATI

Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən normalarının tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılması haqqında Ali Məhkəmənin

MƏLUMATI

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

Hazırda Ali Məhkəmənin icraatında olan kommersiya işi  ilkin  iddia üzrə lizinqə verilmiş bir neçə lizinq obyektinin, dəyəri lizinq alan tərəfindən faktiki ödənilmiş hissəsi üzərində lizinq alanın mülkiyyət hüququnun tanınmasına dair tələblə; qarşılıqlı iddia üzrə bütün lizinq obyektlərinin (dəyərinin lizinq alan tərəfindən faktiki ödənilib-ödənilməməsindən asılı olmayaraq) lizinq verənə qaytarılması, habelə maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş bütün lizinq ödənişləri borcunun və faiz borcunun lizinq verənin xeyrinə tutulması ilə bağlıdır.

İşə kassasiya qaydasında baxılarkən, analoji mübahisə ilə bağlı fərqli hüquqi yanaşmanın mövcud olduğu müəyyən olunmuşdur.

Kassasiya instansiyası məhkəməsinin hazırda icraatında olan işə əvvəl baxmış məhkəmə tərkibinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında lizinq müqaviləsinin obyektləri konkret dəyərə malik fərdiləşdirilə bilən, hər birinin ayrıca rəsmi qeydiyyatı aparılan əşyalardır. Lizinq müqavilələri üzrə aparılmış ümumi ödənişlərin məbləği və lizinq obyektlərinin həmin məbləğlərə uyğun razılaşdırılmış dəyərləri nəzərə alınmaqla, dəyəri faktiki ödənilmiş obyektlərin lizinq alanın mülkiyyətinə verilməsi məsələsi apelyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.

Ali Məhkəmədə baxılmış analoji işlər üzrə məhkəmə qərarlarının təhlilinə əsasən müəyyən edilmişdir ki, məhkəmə tərkibləri əksər hallarda fərqli hüquqi mövqedən çıxış edərək lizinq verənlərin «lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və lizinq borcunun ödənilməsi tələblərinin təmin olunmasına dair» apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşaraq məhkəmə qətnaməsini dəyişdirmədən saxlamışlar. Həmin işlər üzrə Ali Məhkəmənin məhkəmə tərkiblərinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl xitam etmək hüququ vardır.

Göründüyü kimi, lizinq ödənişləri üzrə müqavilə şərtlərinin pozulması səbəbindən lizinq verən tərəfindən maliyyə lizinqi müqaviləsinə birtərəfli qaydada xitam verildiyi hallarda lizinqə verilmiş bir neçə lizinq obyektinin, dəyəri lizinq alan tərəfindən faktiki ödənilmiş hissəsi üzərində lizinq alanın mülkiyyət hüququnun tanınması və ya lizinq obyektlərinin hamısının lizinq verənə qaytarılmalı olması, eyni zamanda lizinq müqavilələri üzrə ödənilməmiş borcun tam həcmdə lizinq verənin xeyrinə tutulmalı olub-olmaması, eləcə də lizinq ödənişləri üzrə borcun tərkibindən lizinq obyektinin qiymətinin (maya dəyərinin) çıxılıb-çıxılmaması üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının tətbiqi sahəsində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.

Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin oktyabr 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Kommersiya Kollegiyasının rəsmi poçt və ya elektron poçt ünvanına (commercial.board@supremecourt.gov.az) göndərilə bilər.