Müqavilə öhdəliklərinin icrası tələbləri üzrə iddialara baxıldığı halda, ayrıca icraatda həmin müqavilələrin etibarsızlığı tələblərinə baxılmasının
03.06.2021, 15:11Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmşdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
Hazırda Ali Məhkəmənin icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “kredit müqaviləsinin etibarsızlığı tələbinə dair” mülki iş vardır.
Mülki işin hallarından göründüyü kimi, “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair hazırki iş üzrə cavabdeh daha əvvəl məhkəmədə iddia qaldıraraq hazırda etibarsızlığı tələb edilən kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia irəli sürmüşdür. Həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə borcun tutulmasına dair tələb təmin edilmişdir. Bu qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair ayrıca icraatda iddia verdiyini bildirərək, bu əsasla həmin işə baxılıb yekunlaşanadək borcun tutulması tələbinə dair iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə vəsatət təmin edilmiş və “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsinədək iş üzrə icraat dayandırılmışdır.
“Kredit müqaviləsinin etibarsızlığı” tələbi üzrə işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının bir sıra məhkəmə tərkibləri eyni kateqoriyadan olan mübahisələr üzrə qəbul etdiyi qərarlarında hazırki məhkəmə tərkibindən fərqli hüquqi mövqe ilə çıxış edərək, kredit müqaviləsi üzrə borc pulun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğu halda, kredit müqaviləsinin etibarsızlığı ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yoxlamış, həmin dəlillərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət vermişlər.
Ali Məhkəmənin məhkəmə tərkiblərinin həmin işlər üzrə qərarlarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, şəxslərin məhkəməyə çatımlılıq hüququ təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri əsas tutan Ali Məhkəmənin məhkəmə tərkibləri hesab etmişlər ki, kredit müqavilələri üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, ayrıca icraatda bu müqavilənin etibarsızlığı ilə bağlı tələb üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddianın predmetləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin olmasına baxmayaraq, həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin etibarsızlığına dair iddialar icraata qəbul edilməli və həmin işlərə mahiyyəti üzrə baxılmalı, o cümlədən bu işlər üzrə qəbul edilən məhkəmə qətnamələrindən verilən apellyasiya və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir.
Hazırkı işə baxan məhkəmə tərkibinin isə hüquqi mövqeyi ondan ibarətdir ki, kredit müqavilələri üzrə verilmiş borcun tutulmasına dair iddia ərizələri məhkəmənin icraatına qəbul edildikdən və yaxud həmin iddialar üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsızlığına dair iddia ərizələrinin icraata qəbul edilməsi və həmin işlərə mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipinin xüsusiyyətlərinə uyğun deyildir.
Belə ki, hüquqi müəyyənlik prinsipinin kriteriləri digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur.
Nəzərə alınmalıdır ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir.
Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi” və s. bu kimi müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsi ilə bağlı tələblər üzrə işlərdə müqavilənin etibarsızlığı iddia predmetinə daxil olduğundan, qarşı tərəfin əlavə olaraq müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə ayrıca icraatda məhkəməyə müraciət etməsini öhdəliyin icrasından yayınmağa, vaxt qazanmağa, süründürməçiliyə yönələn prosessual hərəkətlər kimi qiymətləndirmək olar.
Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməli və iş üzrə icraata xitam verməlidir (MPM-nin 261.0.2 və 417.1.5-ci maddələri).
Bununla yanaşı, kredit borcunun tutulmasına dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra kredit müqaviləsinin etibarsızlığına dair verilmiş iddialar üzrə iddianın təmin edilməsinə dair qəbul edilən məhkəmə qətnamələrindən kassasiya şikayəti verildiyi halda işə baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməli və ərizənin baxılmamış saxlanılması məsələsinin müzakirə edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə qaytarmalıdır (MPM-nin 159.0.4-cü maddəsi).
Bundan başqa nəzərə alınmalıdır ki, eyni hüquqi yanaşma kredit borcunun borcludan, eyni zamanda zaminlərdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair işlərə baxıldığı halda, bundan sonra ayrıca icraatda verilən iddialar üzrə ipoteka və zaminlik müqaviləsinin etibarsızlığına dair işlərdə də tətbiq edilməlidir.
Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə “ kredit müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası, “kredit müqaviləsi üzrə pul” tələbinə dair icraatı dayandırılmış mülki iş üzrə iddianın predmetinə daxil olduğundan, məhkəmə tərkibi hazırki iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasların olub-olmadığını yoxlamalı və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə həmin əsaslarla qiymət verməlidir.
Göründüyü kimi, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunur.
Odur ki, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.
Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2021-ci ilin iyulun 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.
Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.
Göstərilən platformalarda paylaş: