ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb

01.04.2016, 12:35
Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb
Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb

     Ötən il Azərbaycan, eləcə də Ali Məhkəmənin fəaliyyəti üçün uğurlu il olub. Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev aprelin 1-də qurumun ötən ildəki fəaliyyətinin və görülmüş işlərin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

R.Rzayev bildirib ki, mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşün əsas məqsədi Ali Məhkəmənin 2015-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.

Vurğulanıb ki, 2015-ci il Ali Məhkəmənin fəaliyyətində bir sıra uğurlarla yadda qalıb. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb. Habelə “Elektron məhkəmə”yə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni “Elektron sənəd dövriyyəsi”nin və məhkəmə kasasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Əvvəlki illərlə müqayisədə 2015-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.

Qeyd edilib ki, Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də həmin Konvensiyanın müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar, treninqlər keçirilir. Ali Məhkəmənin beynəlxalq əlaqələri genişlənir, hakimlərimizin təkmilləşdirilməsi istiqamətində Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri, beynəlxalq konfranslarda iştirakı təşkil olunur.

R.Rzayev deyib ki, Azərbaycan dövləti məhkəmələrin maddi-texniki bazasının yüksəlməsinə çox böyük önəm verir. Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilib. Hazırda 11 bina da inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə lazımi imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır.

Ali Məhkəmənin sədri vurğulayıb ki, 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütün hüquqşünaslar üçün tarixi hadisədir. Bu, məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi kimi qiymətləndirilməlidir. Açılış mərasimində Prezident İlham Əliyev dərin məzmunlu, proqram xarakterli çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoyub, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin rolunu xüsusi olaraq qeyd edib. Dövlətimizin başçısı bildirib ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə və məhkəməyə inamı artırır.

Ötən il baxılmış işlərlə bağlı məlumat verən sədr qeyd edib ki, 2015-ci ildə Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb. Artım mülki kollegiyada 15,2, inzibati-iqtisadi kollegiyada 3,7, cinayət kollegiyasında isə 1,6 faiz səviyyəsində müşahidə olunub. Hərbi kollegiyada baxılan işlərin sayı isə 17,2 faiz azalıb.

Ümumiyyətlə, ötən il Ali Məhkəmədə 2014-cü illə müqayisədə 8,5 faiz çox - 9404 işə baxılıb. 2014-cü ildə bu rəqəm 8668 olmuşdu. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb. Bu, aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi sayəsində mümkün olub.

“2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ötən il Ali Məhkəmənin Plenumunun 5 iclası keçirilib, 12 qərar qəbul edilib”, - deyə R.Rzayev vurğulayıb.

KİV ilə münasibətlərə də toxunan R.Rzayev qeyd edib ki, Ali Məhkəmə media ilə əməkdaşlığa mühüm əhəmiyyət verir. Məhkəmə ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı əməkdaşlıq genişləndirilməlidir. Bu əməkdaşlıq həm də məhkəmə və cəmiyyət arasında əlaqəni daha da gücləndirir və təmin edir. Həmçinin cəmiyyətdə doğru, düzgün və ədalətli fikir formalaşdırır, məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır. Buna görə məhkəmələrlə kütləvi informasiya vasitələri arasında nə qədər sıx münasibətlər yaranarsa, ictimaiyyət bir o qədər dolğun və ətraflı məlumata malik olar. Hüquqi dövlət quruculuğunun mühüm məsələləri arasında KİV-in cəmiyyətdə vəziyyəti və onların məhkəmə hakimiyyəti ilə münasibətləri xüsusi yer tutur. Məhkəmə-hüquq islahatları kimi genişmiqyaslı yeniliklərin informasiya təminatına və KİV-lərin dəstəyinə ehtiyac var.

Məlumat verilib ki, ictimaiyyətin məhkəmələrlə münasibətlərinin inkişafı və əməkdaşlıq üçün Ali Məhkəmə tərəfindən layihə hazırlanıb. Ali Məhkəmə fəaliyyətini cəmiyyətə daha geniş səviyyədə çatdırmaq üçün layihə çərçivəsində gələcəkdə də KİV nümayəndələri ilə fəal əməkdaşlıq edəcək.

Mətbuat konfransında Ali Məhkəmənin “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı da ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə qurumun 2015-ci ildəki fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.

Sonda Ali Məhkəmənin sədri mətbuat nümayəndələrinin suallarını cavablandırıb