ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edib

18.03.2022, 14:59
Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Quba rayonunda vətəndaşları qəbul edib

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Quba rayonunda Quba və Qusar rayonlarından olan  vətəndaşları qəbul edib.

Qəbuldan öncə Quba rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib və məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə müvafiq izah verilib, digər müraciətlər üzrə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı yerlərdə qəbulların keçirilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Quba Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Quba və Qusar rayon məhkəmələrinin hakimlərinin  iştirakı ilə müşavirə keçirmişdir.

Ali Məhkəmənin sədri 2021-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirərək, bu hadisələrdən ən önəmlisi kimi Böyük Qələbənin bir illiyini Azərbaycan xalqının  qürurla qeyd etməsi, 30 il həsrətində olduğumuz torpaqlarımızın 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub və dövlət sərhədlərimizin bərpa edilməsini vurğulamışdır.

2021-ci  ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı işlərin davam etdirilməsi, Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edildiyi, o cümlədən məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqinin genişləndirildiyi bildirilmişdir.

Bundan əlavə 2021-ci ildə Mülki-Prosessual Məcəlləyə olunan mütərəqqi konseptual dəyişikliklər çərçivəsində yazılı icraatın tətbiqinin tərəflərin məhkəməyə təqdim etdiyi prosessual sənədlərin keyfiyyətinə tələbkarlığı artırmaqla yanaşı məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alacağı qeyd olunmuşdur.

Qarşıda duran vəzifələrə, o cümlədən qanunvericilikdəki cari yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair tövsiyələr verilmiş, eyni zamanda, etik davranış qaydalarına əməl olunmasının, sui-istifadə hallarının və qeyri-prosessual münasibətlərin yolverilməzliyinin ən ümdə vəzifə olduğu bildirilmişdir.