ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sia.az: Bakıda keçirilən beynəlxalq konfransa yekun vurulub

25.10.2014, 12:35
Sia.az: Bakıda keçirilən beynəlxalq konfransa yekun vurulub
Sia.az: Bakıda keçirilən beynəlxalq konfransa yekun vurulub

Bakıda "İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda keçirilən beynəlxalq konfrans bu gün öz işini yekunlaşdırıb. SİA-nın məlumatına görə, iki gün davam edən konfransda "Qabaqlama tədbirləri", "Məhkəmə qərarlarının icrası", "Konvensiya sistemi çərçivəsində olan hakimlərarası dialoq" mövzuları üzrə sessiyalar təşkil edilib.

Azərbaycan Respublikasından seçilmiş Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Xanlar Hacıyev bildirib ki,bu konfransda həm yerli, həm də xaricdən olan hakimlər korpusunun iştirak etməsi sevinidirici idi: "Ümumiyyətlə, fikir mübadiləsi və dialoq mühüm bir haldır. Çalışmalıyıq ki, tətbiq etmək mexanik xarakter daşımasın. Dövlət inkişaf etdikcə, məhkəmə sistemi də inkişaf edir. Azərbaycan cavan ölkədir. Mən ümid edirəm ki, hüququn təkmilində mühüm irəliləyişlər olacaq. Sizin bundan sonrakı fəaliyyətinizə uğurlar arzu edirəm".

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev isə konvensiyanın tətbiq etmək yükünu daşıyan hakimlərin üzərində xüsusilə dayanıb: "Hesab edirəm ki, hüququn aliliyini təsdiq etmək bir növ hakimlərin əlindədir. Bizim layiqli fəaliyyətimiz olmadan insan hüquqları sistemi tam bərpa olunmayacaq və məhkəmə sistemi pozulacaq. İnsan hüquqlarının müdafiəsi gündəlik gərgin əmək tələb edir. Sizləri bir daha Bakıda görməyi arzulayırıq".

Son olaraq çıxış edən Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş direktoratlığın rəhbəri Filip Rzayev də öz növbəsində qonaqlara konfransda iştirakına görə minnətdarlığını bildirib: "Həqiqətən də bu iki gün ərzində çox maraqlı iş günləri keçirdik və birgə mühüm məsələləri müzakirə etdik. Bizim əsas müzakirə predmetimiz 3 məsələ ilə bağlı idi. Bunlar hüquq pozuntuları ilə bağlı məhkəmələrin müddəaları və çıxardığı qərarlarla bağlı idi. Hesab edirəm ki, müstəqil məhkəmə sistemi olmazsa, insan hüquqların və azadlıqların təminatından söhbət gedə bilməz". 

Daha sonra konfransın bağlanış mərasimi keçirilib.

Xatırladaq ki, sessiyalarda "Milli qanunvericilikdə Konvensiyanın rolu", "Avropa Şurasına üzv olan dövlətlərin Ali məhkəmələrinin oynadığı rol", "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr", "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması: təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası", "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzər almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olunan uyğunlaşmanın məhdudiyyətləri", "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər", "Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq", "Konvensiyasının 16-cı Protokolu" və "Venesiya Komissiyasının rolu" mövzularında mühazirələr söylənilib.

Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilib.